İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire” komandası təmsil edir.
Yanvarın 27-dən start götürən yarışda “Land of Fire” komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib.
Oyunun əvvəlində hesabda geri qalan “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final matçına vəsiqə qazanıb.
Komandanın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Clinique La Prairie” komandası olacaq.
Final matçı yanvarın 30-u, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.