Xəbər lenti
Dəmir yumruq » Manşet » 8 noyabr – Şuşa şəhəri günü: zəfərdən dirçəlişə, tarixi yaddaşdan gələcəyə
Manşet / Siyasət / 7-11-2026, 14:31

8 noyabr – Şuşa şəhəri günü: zəfərdən dirçəlişə, tarixi yaddaşdan gələcəyə

 

 

8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan, milli qürurumuzu və dövlətçilik ənənələrimizi təcəssüm etdirən əlamətdar gündür. 2020-ci il noyabrın 8-də qüdrətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Belə ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq həmin gün Şuşa Şəhəri Günü kimi rəsmiləşdirildi.


Şuşa zəfərinə aparan yolun əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası gələcək qələbələrimizin mühüm təməlini yaratdı. Cənab prezident tərəfindən bu siyasi kurs uğurla davam etdirilərək ölkənin iqtisadi-hərbi potensialı gücləndirildi, beynəlxalq mövqelərimiz möhkəmləndirildi və torpaqlarımızın azad edilməsi dövlət siyasətimizin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxlanıldı. 2020-ci il Vətən müharibəsi Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək peşəkarlıq Şuşa əməliyyatlarında misilsiz qəhrəmanlıq nümunəsi kimi nümayiş olundu. Əsgər və zabitlərimiz mürəkkəb relyef şəraitində sıldırım qayaları və keçilməz hesab edilən əraziləri aşaraq şəhəri azad etdilər. Bu əməliyyat Azərbaycan hərbçisinin Vətən sevgisinin, yüksək döyüş hazırlığının və qələbə əzminin təntənəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması xəbərini Azərbaycan xalqına çatdırdığı an hər birimizin yaddaşına əbədi həkk olub. Dövlətimizin başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın onillər boyu yaşatdığı ümidlərinin gerçəyə çevrilməsinin rəmzi oldu. Həmin gün Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik, güclü dövlət və qətiyyətli siyasi iradə qarşısında heç bir maneə davamlı ola bilməz.


Bu gün Şuşa təkcə qəhrəmanlıq tariximizin simvolu deyil, eyni zamanda dirçəlişin, qurtuluşun və gələcəyə inamın ünvanıdır. Şəhər yenidən qurulur, tarixi mədəni abidələr yenidən bərpa olunur, müasir yaşayış kompleksləri, təhsil, səhiyyə, turizm infrastrukturu yaradılır. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayır. Ötən 6 ildə Şuşa şəhərində həyata keçirilən quruculuq tədbirləri şəhərin əvvəlki əzəmətini yenidən bərpa edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi ədalətin bərpasının ən təsirli nümunələrindən biridir. Şəhərdə yeni ailələrin məskunlaşması, mədəni həyatın canlanması, Şuşanın yenidən öz təbii həyat ritminə qovuşduğunu göstərir. Şuşanın dirçəlişi həm də gələcək nəsillər qarşısında böyük məsuliyyət yaradır. Biz bu tarixi qələbənin hansı fədakarlıqlar hesabına əldə edildiyini unutmamalı, şəhidlərin əziz xatirəsini daim yaşatmalı və qazilərimizin fədakarlığını yüksək qiymətləndirməliyik.


Şuşa artıq 6 ildir ki, azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edən rəşadətli Ordumuzun 2023-cü ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində suverenliyimiz təmin edildi. Qarşımızda duran əsas vəzifə qazanılmış Zəfərin nəticələrini daha da möhkəmləndirmək, azad edilmiş torpaqlarımızı inkişaf etdirmək və güclü Azərbaycanın gələcəyinə yeni töhfələr verməkdir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.