25 - 26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu Azərbaycanın qeyri-neft iqtisadiyyatına daha çox xarici kapital, texnologiya və tərəfdaş cəlb etmək üçün istifadə etdiyi mühüm platformalardan biri kimi qiymətləndirmək olar.
“Bu il tədbirdə beynəlxalq investorlar, maliyyə institutları, dövlət qurumları və biznes nümayəndələri iştirak edir. Forumun əhəmiyyəti yalnız investorların Bakıya dəvət olunmasında deyil. Əsas məqsəd konkret investisiya layihələrinin təqdim edilməsi, investorlarla birbaşa danışıqlar aparılması və həmin layihələrin maliyyələşdirilməsinə dair razılaşmaların əldə olunmasıdır. Artıq forum çərçivəsində müxtəlif sahələr üzrə 11 sənədin imzalandığı açıqlanıb.
Forumun əhatə etdiyi sahələr də Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətini göstərir. Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, sənaye və azad iqtisadi zonalar, kritik xammal, kənd təsərrüfatı, maliyyə, KOB-lar, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar müzakirə olunur”, - o vurğulayıb.
İqtisadçının sözlərinə görə, Azərbaycan üçün əsas faydalardan biri qeyri-neft sektoruna xarici investisiyanın artırılması ola bilər:
“Xarici kapital yeni zavod, logistika mərkəzi, enerji obyekti, texnologiya şirkəti və digər müəssisələrin yaradılmasına yönəldikdə bunun ardınca yeni iş yerləri, vergi gəlirləri, ixrac imkanları və yerli şirkətlər üçün sifarişlər yarana bilər. Daha əhəmiyyətlisi isə odur ki, investisiya yalnız pul formasında gəlmir. Müasir texnologiya, idarəetmə təcrübəsi, yeni bazarlara çıxış və beynəlxalq şirkətlərin təcrübəsi də iqtisadiyyata daxil olur. Prezident İlham Əliyev də forumdakı müraciətində Azərbaycanın investisiyaya yanaşmasının kapital cəlb etməkdən daha geniş olduğunu, texnologiya, ekspertiza, innovasiya və yeni bazarlara çıxışın xüsusi əhəmiyyət daşıdığını bildirib.
Digər mühüm istiqamət Azərbaycanın regional logistika və tranzit mərkəzi kimi mövqeyinin gücləndirilməsidir. Orta Dəhlizin inkişafı ilə bağlı layihələrə investisiya artdıqca məsələ təkcə yükdaşımadan ibarət qalmır. Azərbaycanın ərazisində logistika mərkəzlərinin, anbarların, emal müəssisələrinin və sənaye parklarının yaradılması ölkənin tranzit gəlirlərini daha yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətə çevirə bilər.
Məsələn, Özbəkistan tərəfi forumda Orta Dəhliz və onun tərkib hissələri üzrə əlavə nəqliyyat imkanlarına investisiya marağını açıqlayıb. Forumun digər mühüm tərəfi Azərbaycanın enerji sektorundan kənarda yeni investisiya istiqamətlərini önə çıxarmasıdır. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt, aqrar emal, kritik xammal və yüksək texnologiyalı sənaye gələcəkdə iqtisadi artımın yeni mənbələrinə çevrilə bilər. Xüsusilə kritik minerallar və onların emalı Azərbaycan üçün maraqlı istiqamətdir. Çünki xammalın sadəcə ixracı ilə müqayisədə onun ölkə daxilində emalı daha yüksək əlavə dəyər yarada bilər”.
Akif Nəsirli forumun ilk nəticələrinə görə də müəyyən marağın olduğunun anlaşıldığını deyib:
“2025-ci ildə keçirilmiş ilk forumda mindən çox iştirakçı olub və ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanıb. Bunun 7 milyard dollardan çoxunun qeyri-neft sektoruna aid olduğu açıqlanıb.
Amma burada bir mühüm məqam var: forumda imzalanan sazişlərin həcmi ilə real iqtisadiyyata daxil olan investisiyanın həcmini eyniləşdirmək olmaz. Saziş investisiya niyyətini və ya layihə üzrə razılaşmanı göstərə bilər, real iqtisadi nəticə isə vəsaitin faktiki yatırılması, müəssisənin qurulması, istehsalın başlaması və yaradılan iş yerləri ilə ölçülür. Ona görə ikinci forumun əsl nəticəsi qarşıdakı illərdə elan edilən layihələrin nə qədərinin real layihəyə çevrilməsi ilə müəyyən olunacaq.
Ümumiyyətlə, forum Azərbaycan üçün həm kapital, həm texnologiya, həm də beynəlxalq biznes əlaqələri baxımından imkan yaradır. Əgər burada təqdim olunan layihələr real investisiyaya çevrilərsə, əsas fayda iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının genişlənməsi, yeni iş yerlərinin yaranması və Azərbaycanın regional iqtisadi bağlantılardakı rolunun güclənməsi ola bilər.
Azərbaycanın qarşısında duran əsas məsələ isə investor üçün forumda maraqlı təqdimat yaratmaqdan daha çox, investisiyanın ölkədə uzunmüddətli və məhsuldar fəaliyyət göstərməsi üçün əlverişli biznes mühitini təmin etməkdir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.