“Azərbaycanın BMT-nin iqlim prosesinə töhfəsi hər zaman mühüm əhəmiyyət daşıyıb”.
Demiryumruq.az xəbər verir ki, bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti deyib.
O, çıxışında Azərbaycanın İqlim Həftəsinə ev sahibliyi etməsinə görə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, İqlim Həftəsi çərçivəsində bir çox müzakirələr və tədbirlər davam etdirilir: “İndiyədək aparılan müzakirələrdən bir mesaj aydındır: həll yolları mövcuddur. Buhəftəki müzakirələr kənd təsərrüfatı və ərzaq sistemləri üçün iqlim maliyyəsinin necə cəlb edilməsi, ağır sənaye və tikintinin dekarbonizasiyası və tullantı toplayanların əməyinin sərmayəyə yararlı və miqyaslandırıla bilən formaya salınması məsələlərini nəzərdən keçirir. İndi vəzifəmiz icra prosesini sürətləndirmək, fəaliyyətə mane olan amilləri müəyyənləşdirmək və bu maneələri aradan qaldırmaq üçün praktiki yollar tapmaqdır”.