Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Demiryumruq.az fərmanın mətnini təqdim edir:
1. 2026-cı il fevralın 15-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2026-cı il aprelin 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2026-cı il fevralın 15-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1375 (Cild I); 2026, № 2, maddə 122) dəyişikliklər təsdiq edilsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
2.1.1. üç ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə;
2.1.2. altı ay müddətində Dövlət Proqramının icrası çərçivəsində buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərində torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi barədə;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
3.1. buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. bu Sərəncamın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 (beş) il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını, müvafiq məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil edilməsini və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülməsini təmin etsin.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu Sərəncamın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər görsün.
7. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.