31 Mart – Azərbaycanlıların Soyqırımından 108 il ötür.
Tariximizin ən faciəvi və qanlı səhifələrindən biri sayılan 31 Mart – Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz buraxmışdır. XX əsrin əvvəllərində baş vermiş bu dəhşətli hadisələr zamanı minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, şəhər və kəndlərimiz viran edilmiş, milli-mədəni irsimizə ağır zərbələr vurulmuşdur.
Bəşəriyyət tarixində ən ağır cinayətlər kimi qiymətləndirilən soyqırımı bütün dövrlərdə sülhə və insanlığa qarşı ən qəddar əməllərdən hesab olunmuşdur. Erməni şovinizmi tarix boyu mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdmüş, bu məqsədlə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdir. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən hesab olunan 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin xüsusi amansızlıqla həyata keçirdiyi kütləvi qırğınlar məhz bu məkirli siyasətin nəticələri olmuşdur. 1918-ci ilin mart-aprel aylarında Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, eləcə də Qarabağ, Naxçıvan, Quba, Xaçmaz, Şamaxı, Salyan, Göyçay, Lənkaran, Zəngəzur və digər ərazilərdə 30 mindən çox azərbaycanlılar qətlə yetirilmiş, 10 minlərlə insanlar yaşadıqları ərazilərdən didərgin salınmışlar.
1918-ci ildə Şamaxı ərazisində erməni silahlı dəstələrinin törətdiyi qətliamlar bu günədək tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Sovet hakimiyyəti illərində bu cinayətlərin gizlədilməsi məqsədilə bir çox ilkin mənbələrin məhv edilməsi hadisələrin bütün təfərrüatlarının üzə çıxarılmasını çətinləşdirmişdir. Tədqiqatçıların hesablamalarına əsasən Şamaxıda 7000-ə yaxın insan, o cümlədən 1653 qadın və 965 uşaq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Sonrakı dövrlərdə aparılan tədqiqatlara əsasən bir çox faktlar üzə çıxarılmışdır.
1918-ci ildə Quba şəhərində və ətraf bölgələrdə erməni bolşevik silahlı dəstələrinin törətdiyi qırğınlar zamanı 2900-dən çox dinc sakin öldürülmüşdür. Ümumilikdə isə Quba ərazisində 4000-dən artıq insan həyatını itirmiş, 122 kənd tamamilə məhv edilmiş, 2750-dən çox ev yandırılaraq dağıdılmışdır. Qubada aşkar edilən kütləvi məzarlıqlar bu faciənin miqyasını və törədilən vəhşiliyin dərəcəsini açıq şəkildə nümayiş etdirir. Tapılan insan qalıqlarında güllə izlərinin olmaması onların əsasən küt alətlərlə - balta və xəncərlərlə qətlə yetirildiyini göstərir. Bəzi sümüklərdə müşahidə edilən mismar izləri isə insanların xüsusi işgəncə ilə öldürüldüyünü sübut edir.
Ermənilər Azərbaycan xalqına qarşı soyqrımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi sürətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, onların tarixi adlarının dəyişdirilməsi siyasəti 21-ci əsr boyu davam edib. Tarixin səhfələrini vərəqlədikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən məqamları üzə çıxır. Aparılan araşdırmalar nəticəsində təkzibolunmaz arxiv sənədləri, soyqrımları təsdiqləyən çoxsaylı dəlil – sübutlar aşkarlanır.
Azərbaycanlılara qarşı yürüdülən bu soyqırım aktına ilk dəfə siyasi qiymət vermək cəhdi Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra olub. Lakin Cumhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər bir-bir açılırdı, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev “ Azərbaycanlıların Soyqrımı haqqında” fərman imzalamışdır. Həmin fərmana əsasən martın 31-i Azərbaycanlıların Soyqrımı Günü elan edib. Sözügedən fərmanla Soyqrımı aktlarına siyasi hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.
Son illərdə həyata keçirdilən ardıcıl siyasət nəticəsində soyqrım həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində daha geniş addımlar atılmışdır. Quba şəhərində Soyqrımı Memorial Kompleksi yaradılması, tarixi faktların beynəlxalq auditoriyaya çatdırılması, müxtəlif ölkələrdə keçirdilən konfranlar və təqdimatlar bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 mart Soyqrımının 100 illiyi ilə bağlı imzaladığı müvafiq Sərəncam həmin prosesə yeni dinamika qazandırmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi tarixi Azərabaycan torpaqları olan Qarabağ və Zəngəzura 19-cu əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 – 1918-ci illərdə azərbaycanlı əhalini qorxudmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948 – 53-cü illərdə 100 minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhfələridir. Bu tarixi faktların gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması hər bir azərbaycanlının üzərinə düşən mühüm vəzifələrdəndir. Belə faciələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaş daim qorunmalıdır.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində qətiyyətlə verildi. Soyqrım qurbanlarının, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfər çaldı.
31 Mart soyqrımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhfəsi olaraq xatırlanacaqdır. Bu faciə Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən bütün Şəhidlərimizin ruhu daim minnətdarlıqla anılacaq, onların əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.