Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması beş min illik dövlətçilik tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq tariximizə mühüm hadisə kimi daxil oldu. 1813 və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və represiyalara məruz qalmışdı. Bu mərhələdə həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdır. Belə olan halda təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdır. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Qısa bir dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Mövcudluğun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qaldırıldı. Eyni zamanda olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan demokratik cümhuriyyət öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Cümhuriyyətin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Tarixi proseslər və hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi nə qədər mürəkkəb proses olsa da, onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli vəzifədir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, digər tərəfdən daxili münaqişələr, ölkədə hökm sürən xaos, anarxiya çətin durum yaratmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Çıxışlarında müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olduğunu dəfələrlə vurğulayan Ümummilli Lider demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq həmin günü Respublika Günü elan etmiş və bu bizim milli bayramımızdır – deyə qeyd edirdi: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxsaylı sərəncam və tədbirlər Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncamlar, Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılış mərasimin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunması xüsusi qeyd olunan məqamlardandır.
Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təsadüfi deyil ki, 2021-ci ilin oktyabr ayının 15-dən sonra Müstəqillik Günümüzü də məhz AXC-nin yaranması tarixi yəni 28 may 1918-ci il tarixindən hesablanır. Belə ki, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş komandan kimi gərgin əməyi, Şanlı Ordumuzun rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin Şanlı Zəfərləri nəticəsində Azərbaycan müasir tarixinin ən parlaq və qürurverici səhifələrini yazdı. Azərbaycan xalqı bu gün öz tarixindən və keçmişindən ilhamlanaraq qalib, müzəffər bir dövlətin vətəndaşı kimi bütöv və azad Vətəndə yaşamağın qüruru içərisindədir.