Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Novruz bayramının sonuncusu və ən əsası sayılan Torpaq çərşənbəsi Şuşa şəhərində böyük təntənə ilə qeyd edilib.
Demiryumruq.az xəbər verir ki, Şuşa sakinləri torpağın və həyatın oyandığı İlaxır çərşənbəni böyük ruh yüksəkliyi ilə tonqal ətrafında yığışaraq milli musiqi və rəqslərlə qeyd ediblər.
Novruzun atributları hesab olunan Keçəl, Kosa və Bahar qızının təqdim etdikləri maraqlı kompozisiyalar bayram əhvali-ruhiyyəsini daha da rəngarəng edib.
Bayram tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.