











Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova gəncləri bayram münasibətilə təbrik edərək, Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərin cəmiyyət həyatında fəallığını artırıb, onlarda gələcəyə inam formalaşdırıb.
Qeyd olunub ki, ölkədə gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə rolu getdikcə genişlənir. Azərbaycan gəncliyi beynəlxalq müstəvidə də ölkəmizi layiqincə təmsil edir, müxtəlif sahələr üzrə mühüm nailiyyətlər əldə edir. Vurğulanıb ki, müstəqillik dövründə böyüyən, vətənpərvərlik ruhunda tərbiyə olunan gənclər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib.
Tədbirdə, həmçinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron rayonu üzrə nümayəndəsi Fərqanə Məmmədova, Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə Gənclər bölməsinin rəhbəri Heydər Vəliyev, Abşeron Olimpiya Komoleksinin direktoru Mətləb Kərimov, Abşeron Rayon Gənclər və İdman sektorunun müdiri Xannənə Ağayeva və fəal gənclər çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən və müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanlarla təltif olunublar.