DTX-nin yaxaladığı şəxslər “Krokus Siti Holl”da qırğın törətmiş qrupun üzvləridir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 27 yanvar məlumatına görə, xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumuna hazırlaşan şəxslər həbs ediliblər:
“Əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü, “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Tutulan şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən saxlanıblar.
İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Medianews.az İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşması haqda məlumat almaq üçün politoloq Xaqani Cəfərliyə müraciət edib.
Bu nə qruplaşmadır? Nə vaxt, harada yaranıb? Hansı terror əməliyyatlarını həyata keçirib? Azərbaycanda əvvəllər də bu qruplaşmanın üzvləri tutulubmu?
Saytın suallarını cavablandıran X.Cəfərli deyib ki, 2024-cü ilin martında Rusiya paytaxtı Moskva ətrafında, Moskva vilayətinə daxil olan Krasnoqorsk şəhərindəki “Krokus Siti Holl”un (Crocus City Hall) Müslüm Maqomayev adına konsert zalında terror aktı həyata keçirən də İŞİD-in “Vilayəti-Xorasan” qruplaşması olub: “Həmin dəhşətli terror “Vilayəti-Xorasan”ın postsovet məkanını da öz fəaliyyət dairəsinə daxil etdiyini göstərdi. Ona qədər bu qruplaşma əsasən Əfqanıstan, Pakistan, İran və Mərkəzi Asiyaya yönəlik fəaliyyət göstərirdi. Son illər isə daha geniş coğrafiyaya yayılmağa başlayıb. Rusiyanın daxilində təşkilatlanması haqqında iddialar var. Hətta artıq Rusiya və Cənubi Qafqazla bağlı İŞİD terror təşkilatının ayrıca “Vilayəti-Qafqaz” qolunun yaradıldığı barədə də xəbərlər dolaşır. Bu qruplaşmanın Azərbaycanda kök atmağa başlaması təəccüblü olmamalıdır. Sosial şəbəkələrdə vahid xilafət - “islam xilafəti, “türk-islam xilafəti” təbliğatı tüğyan edir”.
X.Cəfərli vurğulayıb ki, bu təbliğatın hökmən əməli addımlar doğuracağı gözlənilən olmalıdır: “Biz dəqiq bilmirik Azərbaycan üçün çox təhlükəli bu məsələyə qarşı mübarizə hansı səviyyədədir. Azərbaycanın təhlükəsizlik doktrinasında, təhlükəsizlik orqanlarının fəaliyyət strategiyasında bu təhlükə ilə mübarizə ön plana çıxarılmalıdır. Əks halda ağır hadisələrlə üzləşə bilərik. Xüsusilə Rusiyanın zəifləməsi nəticəsində Şimali Qafqazda İŞİD terror təşkilatının “Vilayəti-Qafqaz” qolunun güclənəcəyini proqnozlaşdırmaq mümkündür. Qətərin Türkiyə üzərindən türk dövlətlərinə, o cümlədən Azərbaycana ixrac etdiyi “Müsəlman qardaşları”na qarşı da sərt tədbirlər görülməlidir. Çünki bu gün İŞİD və digər terror təşkilatlarının fəaliyyətinə münbit şəraiti də onların güclü təbliğatı yaradır”.
“Krokus Siti Holl”un Müslüm Maqomayev adına konsert zalında terror aktı 2024-cü il martın 22-də törədilib. Koordinasiyalı hücum zamanı bir neçə silahlı cani salona toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. 149 nəfərin ölümü, 1 nəfərin itkin düşməsi, 609 nəfərin yaralanması ilə nəticələnən terrora görə məsuliyyəti İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşması öz üzərinə götürüb.
“Krokus Siti Holl”dakı qətliama görə ümumilikdə 19 nəfər həbs olunub. Onlardan 4-ü cinayəti birbaşa yerinə yetirməkdə, qalanları isə onlarla əlbir olmaqda ittiham edilir. Cinayəti birbaşa yerinə yetirməkdə təqsirləndirilən 4 nəfər Tacikistan vətəndaşıdır. 2025-ci ilin yayında Moskvada hərbi məhkəmədə başlanan məhkəmə prosesi hələ davam edir.
“Krokus Siti Holl”un sahibi Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Krokus Qrup”un prezidenti Araz Ağalarovdur.