Dəmir yumruq » Manşet » Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
Manşet / Hadisə / Bugün, 18:53

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

 

Qazaxıstan 25 dekabr 2024-cü ildə Aktau şəhəri yaxınlığından “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının nəticələrini gözləyir.
 
Bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Astanada keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, tədqiqat materialları daxili razılaşma çərçivəsində laborator müayinə üçün Azərbaycan və Rusiyaya təqdim olunub. Daha sonra Azərbaycan tərəfi onları Qərb ekspertlərinə ötürüb.
 
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
 
Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.