Dəmir yumruq » Manşet » Xocəsən bələdiyyəsinin 2025-ci il üzrə hesabatı açıqlanıb - Foto
Manşet / Hadisə / Bugün, 08:37

Xocəsən bələdiyyəsinin 2025-ci il üzrə hesabatı açıqlanıb - Foto

 

Binəqədi rayonu Xocəsən bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinə dair geniş hesabatını ictimaiyyətə təqdim edib. Hesabat iclasında qəsəbə ağsaqqalları və sakinlər iştirak edib.
XəzərNews.az xəbər verir ki, hesabatda bələdiyyənin əsas məqsədinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin olunması və yerli problemlərin operativ həlli olduğu vurğulanır.
 
Bildirilib ki, ilin əvvəlində bələdiyyənin iş planı təsdiqlənib, il ərzində mütəmadi olaraq ümumi iclaslar keçirilib. Hesabat dövründə 34 iclas təşkil olunub, sosial-iqtisadi, maliyyə, abadlıq və vətəndaş müraciətləri ilə bağlı ümumilikdə 134 qərar qəbul edilərək icrası təmin edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq iclas protokolları Ədliyyə Nazirliyinin Bələdiyyələrdə İş Baş İdarəsinə təqdim olunub.
 
Büdcə və maliyyə göstəriciləri
 
2025-ci ildə Xocəsən bələdiyyəsinin büdcə gəlirləri 342 259,92 manat, xərcləri isə 340 312,67 manat təşkil edib. Gəlirlərin əsas hissəsi torpaq və əmlak vergilərinin payına düşüb. Belə ki, torpaq vergisindən 35 273 manat, əmlak vergisindən 279 936,07 manat, icarə haqlarından isə 1 050 manat daxil olub.
 
Bələdiyyə büdcəsindən əməkhaqları və sosial ödənişlərə 247 min manatdan artıq, abadlıq, quruculuq və təmir işlərinə 43 046,44 manat, mədəni-kütləvi tədbirlərə, sosial yardımlara və digər xərclərə vəsait ayrılıb.
 
Vergi ödəyiciləri ilə işin təkmilləşdirilməsi məqsədilə yeni struktur bölməsi - “İcra orqanları və problemli vergi ödəyiciləri ilə iş” şöbəsi yaradılıb. Hazırda bələdiyyənin inzibati ərazisində 15 703 vergi obyekti mövcuddur və hesabat ilində 7 280 vergi ödəyicisi vergiyə cəlb olunub.
 
Abadlıq və infrastruktur layihələri
 
Hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilən layihələr çərçivəsində yolların təmiri və infrastrukturun yenilənməsi diqqət mərkəzində olub. Ruslan Allahverdiyev küçəsində 400 metrlik hissədə su və tullantı sularının axıdılması sistemi yenidən qurulub, asfalt-beton örtüyü salınıb. Yovşanlı, Çaylı, Şəfəq, Aprel Zəfəri, 8 Mart və Qarabağ küçələrində asfaltlanma işləri aparılıb, bəzi küçələrdə isə çınqıl örtüyü tətbiq edilib.
 
Sulutəpə qəsəbəsində uzun illər problem yaradan yağıntı sularının fərdi yaşayış evlərinə dolması məsələsi də 2025-ci ildə həllini tapıb. Bələdiyyənin maliyyəsi hesabına kanalizasiya kollektoru inşa olunaraq istifadəyə verilib.
 
Bundan əlavə, Xocalı küçəsində obyekt və yaşayış evlərinin fasadları əsaslı şəkildə təmir olunub, Beynəlxalq Avtovağzal Kompleksinin balansında olan parkda abadlıq işləri aparılıb.
 
Yaşıllaşdırma və ekoloji tədbirlər
 
Ərazidə yaşıllıqların artırılması məqsədilə ağacəkmə aksiyaları təşkil olunub. Şamaxı–Bakı magistral yolunun kənarında 200 ədəd kiparis ağacı əkilib, Xocəsən Yeni Yaşayış massivində ümumilikdə minlərlə ağac torpağa basdırılıb.
 
SOCAR Midstream Gas Operations və tərəfdaşlarının dəstəyi ilə 1,5 hektar ərazidə yeni istirahət parkı salınıb. Parkda 6 600 ağac əkilib, uşaq əyləncə zonaları, velosiped və piyada zolaqları yaradılıb.
 
Sosial layihələr və vətəndaşlarla iş
 
Hesabat ilində şəhid və qazi ailələri, Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrə xüsusi diqqət göstərilib. Müxtəlif bayramlar və əlamətdar günlər münasibətilə maddi və ərzaq yardımları edilib, məktəbli uşaqlar üçün geyim dəstləri alınıb.
 
Bələdiyyədə il ərzində 1 780 vətəndaş müraciəti qeydə alınıb və hər birinə qanunvericiliyə uyğun baxılıb. “Qaynar xətt” vasitəsilə daxil olan müraciətlər operativ şəkildə icra edilib. Hesabat dövründə bələdiyyə sədri tərəfindən 183 nəfər, ümumilikdə isə 1 944 vətəndaş qəbul olunub.
 
İctimai və mədəni tədbirlər
 
2025-ci ildə Xocəsən bələdiyyəsi 20 Yanvar, Xocalı faciəsi, Ümummilli Lider Heydər Əliyevin anım və doğum günləri, Zəfər Günü kimi əlamətdar tarixlərlə bağlı silsilə tədbirlərdə iştirak edib. Həmçinin məktəblilər arasında idman yarışları, tibbi müayinələr və maarifləndirici aksiyalar təşkil olunub.
 
Hesabatın sonunda qeyd olunub ki, Xocəsən bələdiyyəsi 2026-cı ildə də qəsəbənin inkişafı, əhalinin rifahının yüksəldilməsi və qarşıda duran vəzifələrin icrası üçün bütün imkanlarını səfərbər edəcək, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa davam edəcək.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.