Dəmir yumruq » Manşet » Azərbaycanda həkim məhkəmə zalında həbs edildi
Manşet / Hadisə / Dün, 09:16

Azərbaycanda həkim məhkəmə zalında həbs edildi

 

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Quliyevanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Demiryumruq.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs vahid niyyətlə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.

Belə ki, Tahirə Quliyeva Tovuz rayon sakini olan zərərçəkmiş T.T.-nin oğluna II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyini vəd edib. Bununla bağlı hər hansı səlahiyyəti olmadığı halda, zərərçəkmiş şəxsi aldadaraq 2022-ci il fevralın 28-də Tovuz şəhərində avtovağzalın qarşısında 200 manat, 2022-ci il martın 1-də isə Ağstafa şəhərində avtovağzalın qarşısında 3 800 manat olmaqla ümumilikdə 4 000 manat pul vəsaitini ələ keçirib və həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.

Bundan başqa, təqsirləndirilən şəxs analoji üsulla Qazax rayon sakini olan zərərçəkmiş R.R.-i də aldadıb. Belə ki, onun II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa ediləcəyini vəd edərək 2022-ci il avqustun 26-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin inzibati binasının qarşısında 4 000 manat, 2023-cü ilin fevral ayında isə tanışı vasitəsilə əlavə 500 manat olmaqla, ümumilikdə 4 500 manat pul vəsaitini ələ keçirib.

İttihama əsasən, Tahirə Quliyeva daha sonra Ağstafa rayon sakini olan zərərçəkmiş A.A.-ya qarşı da təkrar dələduzluq edib. Belə ki, 2021-ci ilin iyun ayında və sonrakı dövrlərdə onunla müxtəlif yerlərdə görüşərək ümumilikdə 6 000 manat pul vəsaitini alıb. O, həmin vəsaiti də hər hansı real köməklik göstərmədən şəxsi məqsədləri üçün istifadə edib.

Bundan əlavə, təqsirləndirilən şəxs Qazax rayon sakini olan zərərçəkmiş V.V.-ni də aldadıb. Zərərçəkmiş şəxsin həyat yoldaşına müharibə veteranı adının verilməsinə köməklik göstərəcəyini vəd edən təqsirləndirilən şəxs 2023-cü il iyunun 26-da zərərçəkmişin yaşadığı ünvanda onun 1 000 manat pul vəsaitini ələ keçirib.

Qeyd olunan hallarla təqsirləndirilən şəxs zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqla aldatma yolu ilə təkrar dələduzluq etməkdə təqsirli bilinib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Tahirə Quliyeva 1 il 4 ay 6 gün müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

Tahirə Quliyeva Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya həkimi vəzifəsində işləyib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.