



Sentyabrın 4-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı Respublika Konfransı öz fəaliyyətinə başlayıb.
İki gün (4-5 sentyabr) davam edəcək tədbirə Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı ölkənin bir çox elm və təhsil müəssisələrinindən - Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Xəzər və Bakı Mühəndislik Universiteti, Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Qarabağ Universiteti, ADPU-nin Şamaxı filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Batabat Astrofizika Rəsədxanası və Naxçıvan Dövlət Universitetindən iştirakçılar qatılıb.
Öncə konfrans iştirakçıları rəsədxananın yerləşdiyi alim Yusif Məmmədəliyevin adına olan qəsəbədə onun abidəsi önünə, daha sonra Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar. Sonra rəsədxananın konfrans zalında Şamaxı Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə tədbirə start verilib.
Konfransın açılış mərasimində çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rəsədxananın yarandığı gündən ölkəmizdə fundamental elmin inkişafına töhfə verdiyini, bu gün də astronomiya sahəsində regionun aparıcı elmi mərkəzlərindən biri kimi fəaliyyət göstərdiyini bildiriblər.
Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğının nəticəsində, xüsusilə də regionlarda, elmi mərkəzlərin inkişafı son illərdə yeni mərhələyə qədəm qoyub. Konfransla bağlı bildirilib ki, bu cür elmi tədbirlər təkcə regional deyil, həm də beynəlxalq səviyyədə elmimizin nüfuzunu artırır, ölkəmizin innovativ inkişafına, yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçidinə töhfə verir, gənc nəslin elmə marağını gücləndirir, Azərbaycanın dünya elmi xəritəsində daha möhkəm yer almasına şərait yaradır.
Açılış mərasimindən sonra konfrans “Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar” bölməsi üzrə məruzələrlə elmi sessiyaya başlayıb və öz işini elmi çıxışlar fonunda davam etdirib.
Qeyd edək ki, hibrid formada təşkil olunmuş konfransda 9-u plenar olmaqla əyani və onlayn şəkildə 6 bölmə üzrə ümumilikdə 54 elmi məruzə dinləniləcək. Bundan başqa, konfrans çərçivəsində “Nonclassical Models on Modern Mathematical Physics and its Applications to Physics, Aerodynamics, Astrophysics and Stellar Astronomy” vorkşopun da keçirilməsi nəzərdə tutulur.