Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Sözügedən müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Dünya miqyasında geniş auditoriyaya sahib olan bu telekanala verdiyi müsahibəsində prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub, regional və beynəlxalq gündəmdə olan mövzularla bağlı Azərbaycanın mövqeyini dolğun şəkildə ifadə edib. Prezidentin həmin müsahibəsi regional və qlobal səviyyədə strateji əhəmiyyət kəsb edən mövzuları əhatə etməklə yanaşı, ölkəmizin milli maraqlarını ədalət prinsipləri əsasında özündə ehtiva edir. Müsahibədə eyni zamanda beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar da açıq şəkildə təqdim edilir.
Ümumilikdə prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın çoxvektorlu xarici siyasətinin aydın ifadəsi kimi də dəyərləndirilə bilər.
Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə sülh müqaviləsinin imzalanmasını təklif etməsi və ona nail olmaq istiqamətində addımların atılmasıdır. Qeyd olunan müsahibədə də vurğulandığı kimi Azərbaycan danışıqlar formatının təşəbbüskarı oldu. Sülh sazişinin layihəsini təqdim etdi. Avqustun 8-də Vaşinqtonda paraflanan sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqtonda prezident Trampın iştirakı ilə imzalanmış sənəd uzun illər davam edən münaqişəyə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Reallıq budur ki, Azərbaycan və Ermənistan Ağ evdə prezident Trampın iştirakı ilə bu sənədin paraflanması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur. Və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni imkanlar açır.
Müsahibədə diqqət çəkən məqamlardan xüsusi vurğulanan ədalətsiz 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, regional inteqrasiya, nəqliyyat və tranzit imkanlarının genişlənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Azərbaycan XX əsrin əvvəllərində üzləşdiyi faciələr, enerji siyasəti, işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşması və digər istiqamətdə səslənən fikirlər oldu.
Minsk Qrupunun ləğvi məsələsi tarixi Zəfərimizdən sonra dövrün əsas çağırışlarındandır. Uğursuz Minsk Qrupu 1992-ci ildə hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası həyata keçirmək məqsədilə yaradılıb. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın rəsmi hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Vaşinqton görüşündə ABŞ prezidenti D.Trampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı onun bir daha ədalətin, beynəlxalq hüququn yanında olduğunu təsdiqlədi. Hazırda proses artıq başlayıb, bu, Minsk Qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki fəaliyyətsizdir.
Dövlət başçısı Zəngəzur dəhlizinin rolu və onun regional inteqrasiya baxımından əhəmiyyəti üzərində dayanaraq bu layihənin Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinə verə biləcəyi töhfələri qiymətləndirib. Prezident eyni zamanda Azərbaycanın son illərdə beynəlxalq tranzit mərkəzinə çevrildiyini, ölkə ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını da diqqətə çatdırdı. Bu konteksdə Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını deyil, həm də qlobal ticarət və nəqliyyat şəbəkələrinin genişlənməsinə xidmət edən, qitələri birləşdirən strateji bir arteriya kimi dəyərləndirilir.
Prezident İlham Əliyev müsahibəsində müasir dövrün aktual çağırışları ilə yanaşı, ötən əsrin əvvəllərində baş verən hadisələrin indiki regional nizamda doğurduğu nəticələr də aydın görünür. Bu xüsusda prezident İlham Əliyevin Azərbaycanın XX əsrin əvvəllərində üzləşdiyi facilərə diqqət çəkərək tarixi həqiqətləri səsləndirməsi müsahibədə yer alan əsas məqamlardan idi. Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycan xalqının iradəsinə zidd olaraq, Ermənistanın inzibati sərhədlərinə daxil edilməsi nəticəsində Azərbaycan yalnız coğrafi deyil, həm də geosiyasi baxımdan iki hissəyə bölündü. Bu fakt təkcə bir ölkənin ərazi bütövlüyünə zərbə vurmaqla yanaşı, Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyiyənləşdirən əsas amillərdən birinə çevrildi. Sovet dövründə sərhədlərin formal xarakter daşıması səbəbindən bu parçalanma komunikasiya baxımından ciddi nəticələr doğurmasa da, müstəqillyimizin bərpasından sonra Azərbaycan öz təbii əlaqələrindən məhrum edildi. Naxçıvanla quru əlaqəsi isə yalnız İran və Türkiyə üzərindən mümkün oldu.
Prezidentin müsahibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması prosesində üzləşilən çətinliklərə də toxunulub. Dövlət başçısı qeyd edib ki bu prosesə əsas iki ciddi maneə var: Azad edilmiş torpaqların geniş şəkildə minalanması və bölgədə infrastrukturun tamamilə dağıdılması. Prezident vurğulayıb ki bu çətinliklərə baxmayaraq, infrastrukturun bərpası istiqamətində işlər sürətlə və ardıcıl şəkildə aparılır: “Hazırda infrastruktun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki üç il ərzində tam hazır olacaq.”
Müsahibədə prezidentin diqqət yönəltdiyi məsələlər sırasında Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrlə bağlı səsləndirdiyi fikirlər oldu. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri sülh, dostluq şəraitində yaşayır. Azərbaycan cəmiyyətində bütün təriqətdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Azərbaycan şiə və sünni müsəlmanları eyni vaxtda, eyni məsciddə ibadət etdikəri az sayda ölkələrdən biridir. Müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Prezident İlham Əliyev bildirdi ki, istənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir.
Dövlət başçısının sözügedən müsahibəsində səslənən hər fikir bu günümüz və gələcəyimiz üçün mühüm çağırışları özündə ehtiva edir. Müsahibədə Türk dünyasının birliyi ilə bağlı səslənən fikirlər, Azərbaycan və Türkiyənin bu istiqamətdə səylərinin əhəmiyyət kəsb etdiyi mühüm məqamlardan idi. Prezident İlham Əliyev Türk dünyası birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səyləri göz önündədir. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də TDT-nın beynəlxalq nüfuzunun artmasına xidmət edən addımlar bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Həm də vacib odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.
Nəticə etibarilə prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın çoxvektorlu xarici siyasətinin təqdimatı kimi dəyərləndirilə bilər. Azərbaycan lideri bir daha göstərdi ki, ölkə balanslaşdırılmış siyasət yürütməklə yanaşı, milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq əməkdaşlıqda konstuktiv mövqe sərgiləyir. Bu isə Azərbaycanın regional liderlik rolunu möhkəmləndirməklə yanaşı, qlobal arenada nüfuzunu daha da artırır.