Bu gün Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.
İclasda Prezidentin 2025-ci il 3 iyun tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 38 hakimin andiçmə mərasimi olub.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edib.
Bildirilib ki, ötən dövrdə 2500-dən çox hakimliyə namizəd imtahanlarda iştirak edib. 254 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin ediliblər. 109 namizəd isə hazırda seçim prosesinin müxtəlif mərhələsindədir. Hakimliyə namizədlərin sənəd qəbulu hazırda davam etdirilir.
Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub.