Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib
Manşet / Hadisə / 27-05-2025, 14:33

Prezident İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.
 
 “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verdi.
 
Bildirildi ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.
 
Dövlətimizin başçısına “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları haqqında məlumat verildi. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.
 
Prezident İlham Əliyev “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarını işə saldı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.