Dəmir yumruq » Manşet » "Son zəng”lə bağlı rəsmi - Xəbərdarlıq
Manşet / Hadisə / Dün, 13:46

"Son zəng”lə bağlı rəsmi - Xəbərdarlıq

 

"Agentlik 207 saylı məktəbin direktorunun “Son zəng”lə bağlı pul tələb etməsi kimi neqativ haldan xəbərdardır, bununla bağlı komissiya yaradılıb”.
 
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
 
E. Bağırov bildirib ki, məsələ ilə bağlı yoxlamalar aparılıb: “Son zəng” tədbiri ilə bağlı Agentliyin təlimatı var. Həmin təlimata əməl etmək lazımdır. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırışlar edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Tədbirlərdə şagirdlərin çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbirin keçirilməsi yolverilməzdir”.
 
Direktorun sözlərinə görə, MÜTDA tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır: “Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Çalışırıq ki, hər zaman vətəndaş-valideyn müraciətlərinə operativ yanaşaq. 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılıb, həmin direktorla olan əmək münasibətlərimizə son verilib.
 
Buradan bir daha məktəb rəhbərliklərinə və təhsil müəssisələrində çalışan həmkarlarımıza çağırış edərək bildiririk ki, müəssisə daxilində hər hansı pozuntu halları tərəfimizdən yolverilməz hesab edilir və bu kimi hallara qarşı barışmaz mövqedəyik. Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür”.
 
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakıda 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.
 
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə vəzifəsindən azad edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.