Dəmir yumruq » Manşet » Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar
Manşet / Hadisə / Bugün, 16:41

Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar


 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva bu gün ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.
 
Söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.
 
Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.
 
Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərinin Mərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.
 
Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.
 
Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.
 
Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.