





Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin üzvləri - Nigar Məmmədova, Səbinə Xasayeva, Naqif Həmzəyevlə tələbələrin görüşü keçirilib.
Tədbir “Konstitusiya və Suverenlik İli: Yeni çağırışlar və müasir Azərbaycan gəncliyi” mövzusuna həsr olunub.
Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının təkcə dövlətçilik tariximizin öyrənilməsi deyil, həmçinin postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük önəm daşıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanan və 1995-ci il noyabrın 12-də referendum vasitəsilə qəbul olunan Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.
Vətən müharibəsində əldə olunan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar edildiyini söyləyən rektor, eləcə də yeni reallıqlar şəraitində gənclərin qarşısında dayanan bir sıra mühüm vəzifələrə toxunub. Eyni zamanda onların milli maraqları daima rəhbər tutacaqlarına, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyəcəklərinə, ölkəmizin beynəlxalq imicinin qorunması və hüquqi dəyərlərimizin təbliğində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.
Sonra tələbələr millət vəkillərinə Konstitusiyamızın tarixi, habelə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, qlobal siyasi məsələlərlə bağlı suallar ünvanlayıblar.
Millət vəkilləri hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, tələbələrdə müəyyən fikir formalaşdırıblar. Görüş tələbələrdə xoş təəssüratlar yaradıb.