Dəmir yumruq » Manşet » "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” konfransı keçirildi - Fotolar
Manşet / Hadisə / Bugün, 17:23

"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” konfransı keçirildi - Fotolar

 

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.
 
Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.
 
Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əhalinin sosial rifahının yüksəldilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Layiqli əməyin təminatı sahəsində aparılan islahatları, uğurlu məşğulluq proqramlarını qeyd edən nazir “Əmək və məşğulluq” altsisteminin üstünlüklərini, dövlətin sosial xidmətlərinin elektronlaşdırılması sahəsində son illər əldə olunan uğurları diqqətə çatdırıb.
 
2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzinin, “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə əmək qanunvericiliyinin tətbiqi sahəsində dəstəyini qeyd edən Anar Əliyev iş yerlərində əməyin mühafizəsinin prioritet məsələlərdən olduğunu, bu istiqamətdə davamlı nəzarət, təlimlər və qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb. O həmçinin bu konfransın əmək sferasında baş verən transformasiyaya cavab olaraq yeni təşəbbüslərin, innovativ yanaşmaların müəyyən edilməsində önəmini bildirib.
 
AHİK-in sədri Sahib Məmmədov konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib. Bildirilib ki, texniki bacarıqları və müasir əmək vərdişləri olmayan işçilər əmək bazarında müəyyən çətinliklərlə qarşılaşa bilər. Bu baxımdan, işçilər yeni tələblərə və çağırışlara uyğunlaşmalı, bilik və bacarıqlarını artırmalıdırlar. Bu istiqamətdə Azərbaycanda sistemli və ardıcıl işlər görülür. Qeyd olunub ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası” inklüziv məşğulluğun inkişafına, yeni əmək vərdişlərinin formalaşmasına töhfə verəcək.
 
Tədbirdə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər və nəzərdə tutulan tədbirlər, həmçinin Konfederasiyanın yeni layihələri barədə məlumat verilib. ASK-nın prezidenti Məmməd Musayev çıxışında özəl sektorun inkişafı, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb, yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsində xüsusi yeri olan sahibkarlığın inkişafı sahəsində atılan addımları diqqətə çatdırıb. O, sahibkarları təhlükəsiz və sağlam əmək məsələlərinə xüsusi həssaslıqla yanaşmağa, bu sahəyə ciddi investisiya və diqqət ayırmağa çağırıb. 
 
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbo, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianql, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, BƏT-in Əmək administrasiyası, əmək müfəttişliyi və əməyin mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunes konfransa videomüraciət ünvanlayaraq təbrik və fikirlərini çatdırıblar. 
 
Konfransda iştirak edən Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti, Moldova Həmkarlar İttifaqları Federasiyasının sədri İqor Zubku, BƏT-in baş mütəxəssisi Gocha Aleksandria və PARŞ-nin Pan Avropa Regional Şurasının siyasi məsələlər üzrə məsləhətçisi Anna Salnikova beynəlxalq əmək standartları və tövsiyələrdən bəhs ediblər, əmək hüquqları, əməyin mühafizəsi istiqamətində təmsil etdikləri təşkilatın gördüyü işlər barədə məlumat veriblər. 
 
Konfrans “Əməyin mühafizəsi: reallıqlar və trendlər” və “Süni intellekt, rəqəmsallaşma: risklər və imkanlar” mövzusunda panel müzakirələri ilə davam edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.