Dəmir yumruq » Manşet » Zərifə Əliyevanın xatirəsi anılıb- Fotolar
Manşet / Tədbir / Bugün, 17:16

Zərifə Əliyevanın xatirəsi anılıb- Fotolar

 

Aprelin 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə akademik, əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, həkimlər, Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
 
Ulu Öndər Heydər Əliyevin, Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
 
Daha sonra akademik Zərifə Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.
 
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır. O, qeyd edib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən Zərifə xanımın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.
 
Həmçinin, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindəndir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Zərifə Əliyeva xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr edib. Zərifə xanımın fitri istedada malik bir alim kimi yaşadığı ömrü, keçdiyi həyat yolu hər bir Azərbaycan vətandaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
 
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun və göz həkimi Yaqut Əşrəfovanın çıxışlarından sonra tədbir Respublikanın əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Rayon Ağsaqqallar şurasının sədr müavini Ağalar Bayramovun, Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin “Dan Ulduzu” instrumental ansamblının, eləcə də məktəbin şagirdləri Yunis Məmmədli və İbrahim Ramazanovun təqdimatında bədii hissə ilə davam edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.