Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ankara şəhərində keçirilən IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib.
Tədbiri giriş sözü ilə açan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildiri22b ki, qlobal iqlim dəyişikliyi fonunda ərzaq təhlükəsizliyinin təmin olunması əsas prioritetlərdən biridir.
Kənd təsərrüfatını strateji sahə kimi dəyərləndirən İbrahim Yumaklı müasir çağırışlara cavab olaraq kiçik biznesin dəstəklənməsinin, iqlimə davamlı texnologiya və təcrübələrin tətbiqinin, sudan səmərəli istifadənin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir həmçinin bu istiqamətdə digər ölkələrlə əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirildiyini qeyd edib.
Məcnun Məmmədov çıxışında bildirib ki, qlobal iqlim dəyişikliyi – quraqlıqlar, daşqınlar və yanğınlar aqrar sahə üçün ciddi təhdidlər, ölkələrin ərzaq təhlükəsizliyinin təmin olunması üçün isə mühüm risklər yaradır. O, ötən ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla təşkil olunduğunu xatırladaraq qeyd edib ki, bütün dövlətlər iqlim dəyişikliyi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə ciddi yanaşmalı və bu sahədə qəbul etdikləri təşəbbüsləri həyata keçirmək üçün fəal çalışmalıdırlar.
M.Məmmədov vurğulayıb ki, aqrar sahədə mövcud çətinliklərin aradan qaldırılması, keyfiyyətli məhsul istehsalı və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə iki və çoxtərəfli platformalarda əməkdaşlığa xüsusi önəm verilməlidir. Nazir qeyd edib ki, aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət səviyyəsində saxlanılmalıdır. İkitərəfli və çoxtərəfli platformalarda əldə olunmuş razılıqlar kağız üzərində qalmamalı, kağız diplomatiyasından konkret fəaliyyət və icra diplomatiyasına keçilməlidir.
Başqa sözlə, qlobal təşəbbüslərin uğurla icrası və aqrar sahədə dayanıqlı inkişafa nail olmaq üçün bütün dövlətlər maliyyə ayrılmasına xüsusi önəm verilməlidir. Məcnun Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində fermerlərin həyat səviyyəsi yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.
Nazir əlavə edib ki, 30 il işğal altında qalmış Azərbaycan torpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitə böyük ziyan dəyib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Məqsəd bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq və bu torpaqlara yeni həyat bəxş etməkdir. Bu prosesdə ən müasir aqrar innovasiyalar tətbiq olunur. Nazir onu da qeyd edib ki, Azərbaycan aqrar sahədə zəngin təcrübəyə və müasir texnologiyalara malik olan Türkiyənin təcrübəsindən fəal şəkildə yararlanır. İki ölkə arasında aqrar əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr icra edilir.