Dəmir yumruq » Manşet » Prezidentdən “Azərenerji” ilə bağlı - Fərman
Manşet / Hadisə / Bugün, 09:08

Prezidentdən “Azərenerji” ilə bağlı - Fərman

 

Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
 
 Fərmanda deyilir:
 
“1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
 
1.1. Azərbaycan Respublikasının Prezidentinə:
 
1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
 
1.1.2. Cəmiyyətin icra orqanının yaradılması;
 
1.1.3. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
 
1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
 
1.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
 
1.2.2. Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
 
1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
 
1.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
 
1.2.5. bu Fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
 
1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
 
1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
 
1.3.2. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;
 
1.3.3. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.
 
2. Müəyyən edilsin ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
3.1. Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
 
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.