Dəmir yumruq » Manşet » 20 Yanvarda qanunsuz sərnişindaşıma problemi... - Fotolar
Manşet / Hadisə / Bugün, 08:56

20 Yanvarda qanunsuz sərnişindaşıma problemi... - Fotolar

 

Bakı şəhəri və ətraf ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti və xidmət səviyyəsi yaxşılaşdırılsa da, problemlər də kifayət qədərdir.
 
Hazırda əsas problemlərdən biri də qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələridir. Əsasən paytaxtla Xırdalan, Sumqayıt şəhərləri, eləcə də Masazır, Saray, Hacı Zeynalabdin qəsəbələri arasında işləyən bu avtobuslar hər gün metronun “20 Yanvar” stansiyası ətrafında xaotik vəziyyət yaradır. Avtobus dayanacaqlarını və yolların hərəkət hissələrini zəbt edən bu avtobuslar sıxlığın yaranmasına, cəmiyyətdəki nəqliyyat stressinin daha da artmasına gətirib çıxarırlar.
 
Bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərən, hər hansı vergiyə cəlb edilməyən, gün ərzində müxtəlif şəxslər arasında “əl dəyişdirən” bu nəqliyyat vasitələri - mikroavtobuslar asanlıqla ictimai nəqliyyat üçün ayrılmış xüsusi zolaqlardan istifadə edirlər və məsuliyyət daşımırlar. Bu da müəyyən şəxslərin daha rahat hərəkət etməsinə və dövriyyəsinin artmasına, nəticədə onların qeyri-qanuni fəaliyyət olan bu kimi sərnişindaşımalara həvəsinin artmasına gətirib çıxarır.
 
Paytaxtın mərkəzi ilə Xırdalan şəhəri arasında müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətindən sorğumuza cavab olaraq qeyd edilib ki, qanunsuz fəaliyyət göstərən avtobuslar daha çox “20 Yanvar” ətrafının Nəsimi rayonu ərazisinə düşən hissəsində cəmləşirlər: “20 Yanvar” metrostansiyasının ətraf ərazisinin Yasamal rayonuna düşən hissəsində müəyyən tədbirlər görməklə bu avtobusların hərəkəti məhdudlaşdırılıb. Lakin ərazinin Nəsimi rayonuna düşən hissəsində problemlər qalmaqdadır. Bu nəqliyyat vasitələri dayanacaqlarda daha çox vaxt keçirirlər və müntəzəm marşrut xətləri üzrə avtobuslarımızın dayanacaqlara normal daxil olub-çıxmasına maneə törədirlər. Həmçinin bəzi ərazilərdə sıxlığa səbəb olurlar ki, bu da fəaliyyətimizə mənfi təsir göstərir”.
 
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev sorğumuza cavab olaraq bildirib ki, qanunsuz sərnişindaşımaya qarşı tədbirlər həyata keçirilir: “Baş DYP İdarəsi qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması və bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə davamlı olaraq zəruri tədbirlər həyata keçirir, media subyektləri vasitəsilə əhaliyə təbliğat-təşviqat xarakterli çağırışlar edilir.
 
İlk növbədə sərnişinlərə öz təhlükəsizlikləri naminə bu prosesdə iştirak etməmək tövsiyə olunur. Qeyri-qanuni sərnişindaşımada istismar olunan avtomobillərin texniki vəziyyətinə nəzarət edilmədiyi, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülərin cəlb edildiyi, onların reysqabağı tibbi müayinədən keçirilmədiyi sərnişinlərin diqqətinə çatdırılır.
 
Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin avtobus zolaqlarından istifadəsi məsələsinə gəldikdə isə, deyə bilərəm ki, DYP tərəfindən davamlı olaraq belə hallara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür”.
 
M.Ağayev əlavə edib ki, avtobus zolağına qanunsuz daxil olanlar məsuliyyət daşıyırlar: “Bir daha bu sahədə qanunvericiliyin tələblərini pozan şəxslərin nəzərinə çatdırırıq ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yoldan yalnız müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayancaqlarla hərəkət edən avtobuslar istifadə edə bilər. Digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması yolverilməzdir və inzibati məsuliyyət yaradır”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.