Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.
Demiryumruq. Az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
O bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq.
“Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub - şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - N. Mahmudov vurğulayıb.
Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.