Bakı Mühəndislik Universitetin, Abşeron Rayon İcra Hakimiyyəti, YAP Abşeron Rayon Təşkilatının, Abşeron-Xızı Regional Gənclər İdman və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradıb. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirir.
G.Rəhimova qeyd edib ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda təlim-tərbiyə olunan gənclərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmişdir.
Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, Abşeron-Xızı Regional Gənclər İdman İdarəsinin rəisi Telman Kərimov və Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova çıxış edərək ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanlarla təltif edilib, xatirə şəkili çəkdirilib.
Tədbir konsert proqramı ilə davam edib.