Dəmir yumruq » Manşet » Qətiyyətli siyasətin nəticələri
Manşet / Siyasət / Dün, 17:25

Qətiyyətli siyasətin nəticələri

 

Yanvarın 7-də ölkə başçısı cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi yayımlandı. Bu müsahibə ictimai həyatın bütün sahələrini əhatə etməklə yanaşı, həm ötən 2024-cü ildə siyasi, iqtisadi sferada əldə edilmiş nəticələrin təhlili, həm də 2025-ci ildə qarşıda duran məsələlərin həlli istiqamətində mühüm çağırışları əks etdirdi. Prezident İlham Əliyevin xarici kanallara, yerli televiziyalara müsahibələri hər zaman maraqla izlənilir, dövlət başçımızın hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı prezident İlham Əliyevin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Prezidentin bu müsahibələri digər tərəfdən Azərbaycan xalqının mövqeyinin xarici auditoriyaya çatdırılması və dövlət siyasətinin təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Sözügedən müsahibədə dövlətimizin başçısı ölkəmizin siyasi-iqtisadi gündəliyini, Azərbaycanın sosial sahədəki addımlarını, Qarabağın bərpası və digər aktual məsələləri şərh etməklə yanaşı, bir çox vacib nüanslara toxundu, eyni zamanda əhəmiyyətli mesajlar ünvanladı, mühüm siyasi bəyanatlar verdi.


Müsahibədə ilk diqqət yönəldilən məsələ hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi tərəqqi ilə bağlı idi. 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Belə ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Cənab prezident qeyd etdi ki, bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən. İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir. Artıq icrasına başlanan növbəti sosial paket bunu bir daha təsdiqləyir. Dövlət başçısının Sərəncamına uyğun olaraq bu il yanvarın birindən minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata çatdırılıb. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi qeyd etdi ki, bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. İmkan yarandıqca sosial sahə diqqətdə saxlanılır.


Azərbaycan həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 sözügedən müsahibədə əsas yer alan məsələlər sırasında oldu. Prezident İlham Əliyev 80 dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin nümayişi kimi qeyd etdi. Eyni zamanda ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı kimi dəyərləndirildi. Azərbaycanın islam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi.


Ölkə başçısının inamlı və qətiyyətli mövqeyi, bəzi məsələlərdə sərt ritorikası göstərdi ki, xalqa inam və xalqın etimadına söykənmə bir liderin ən güclü silahıdır. Məhz bu inamla yola çıxan cənab prezident qazanılan uğurların, inamlı və qətiyyətli addımların əsasını ifadə etmiş oldu. “Məndə bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir.” Cənab prezidentin qeyd etdiyi kimi ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında məhz bu birlik və inam dayanırdı. Xalqın öz liderinə sonsuz inamı, liderimizin öz xalqına arxalanmağı Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil etdi.


Müsahibədə diqqət göstərilən əsas məsələlərdən biri kimi Ermənistanın silahlandırılması mövzusu oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi Ermənistanda gedən silahlandırma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq müşahidəçi kimi buna baxıb heçnə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Qeyd olundu ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ona görə də, Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz.


Ölkə başçısının geniş, hərtərəfli müsahibəsində diqqət çəkən məqamlardan biri də Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı məsələsinə münasibətidir. Cənab prezident bir daha qəti şəkildə bəyan etdi ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.


Müsahibədə dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq, yaxud çirkin rəqabət aparmaq niyyətində olanlara da lazımi mesajlarını verdi. Prezident İlham Əliyev eyni zamanda vurğuladı ki, sözümüzün arxasında konkret niyyətlərimiz var və qarşı tərəflər bundan nəticə çıxarmalıdır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.