Bu gün COP29 iqlim konfransına hazırlıq işlərinin tamamlanması ilə bağlı COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən yerli media qurumlarının konfrans məkanı olan Bakı Olimpiya Stadionuna mediatur təşkil edilib.
Media nümayəndələrinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Mediaturda Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
Tədbir məkanı ilə tanışlıq zamanı media nümayəndələrinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məkanda ümumilikdə 155 pavilyon var və bu pavilyonlarda çoxsaylı sərgilərin keçirilməsi nəzərdə tutulub. Məkanda 29 iclas otağı var. Həmçinin digər danışıqlar üçün də otaqlar ayrılıb.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkiblər. Tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanışlıq olub. Mavi zonada yerləşən Azərbaycan pavilyonuna da baxış keçirilib. Bildirilib ki, bu pavilyonun ümumi ərazisi 450 kvadratmetrdir. Gün ərzində burada onlarla tədbirin keçirilməsi nəzərdə tutulub. Pavilyonlarla tanışlıq zamanı bildirilib ki, ən nöyük pavilyonlar Azərbaycanla yanaşı Türkiyə və Çinə ayrılıb. Ümumilikdə, tədbirlər həm Yaşıl, həm də Mavi zonada olacaq.
İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqları və istirahət yerlərinə baxış keçirilib.
Qeyd olunub ki, C zonasında Azərbaycan tarixini əks etdirən guşə yaradılıb və eksponatlar gətirilib. Bildirilib ki, tədbir məkanında Azərbaycan təbiətinin füsunkarlığını əks etdirən video görüntülər də təqdim ediləcək.
Məkanda ən böyük zal Nizami zalıdır. 1600 yerlik zalda böyük rəsmi tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Məkanla tanışlıqdan sonra COP29 könüllüləri ilə görüş olub. Bundan sonra COP29 dövrünədə istifadə ediləcək nəqliyyat vasitələri təqdim olunub. Bildirilib ki, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Bura elektrik avtomobilləri – fiziki məhdudiyyətli şəxslər üçün xüsusi avtomobillər, qolf-karlar, yanğın və təcili yardım avtomobilləri daxildir. 210 avtomobil Liderlər Sammitində istifadə olunacaq. Həmçinin tədbir dövründə 140 elektrik avtobusunun istifadəsi nəzərdə tutulub.
Daha sonra Yaşıl zona ilə tanışlıq olub. Bildirilib ki, burada 58 şirkət müxtəlif pavilyonlar təşkil edib. Bir sıra zonalarda, o cümlədən Yaşıl zonada 24 saat fəaliyyət göstərən idarəetmə mərkəzi yaradılıb.
Qeyd edək ki, bu günədək 67 min nəfər şəxs və 3500 media nümayəndəsi COP29 tədbirində iştirak üçün qeydiyyatdan keçib.