Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında cari ildə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin təntənəli yekun tədbiri baş tutub.
Demiryumruq. Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirin sərgi hissəsində müsabiqə iştirakçılarının hazırladıqları rəsm və əl işlərinə baxış keçirilib.
Bədii hissədə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi, ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.
Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.
Layihədə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və uşaq incəsənət məktəbləri istisna olmaqla) 6-17 yaş arası istedadlı şagirdləri üç yaş qrupunda (6-10 yaş, 11-14 yaş və 15-17 yaş) iştirak ediblər. 4 istiqamət üzrə keçirilən festival-müsabiqə çərçivəsində incəsənətin və yaradıcılığın müxtəlif janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə məşğul olan istedadlı uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Festival-müsabiqə 3 mərhələdə (rayon (şəhər), zona, final) keçirilib.
Zona mərhələsində 1-ci yeri tutan iştirakçılar 15 oktyabr tarixində Bakı şəhərində keçirilən final mərhələsinə qatılıblar. Münsiflər heyəti tərəfindən final mərhələsinə qatılmış iştirakçılar arasından 116 nəfər I yerə, 94 nəfər II yerə, 84 nəfər isə 3-cü yerə layiq görülüb.