Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Demiryumruq. Az nazirliyə istinadən xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib.
Bu il 11-22 noyabr tarixlərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir əlavə edib ki, 19 noyabr tarixində “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün təqdimatı keçiriləcək. Kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək məqsədilə yaradılan bu təşəbbüs Azərbaycanda iqlim dostu kənd təsərrüfatı texnologiyalarının tətbiqinə böyük töhfə verəcək.
Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, aqrar sahədə yeni təsərrüfat münasibətlərinin formalaşması, daha innovativ yanaşmaların tətbiqi öz bəhrəsini verir və aqrar sahədə ciddi uğurlar əldə edilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev ölkədə qeyri-neft sektorunun inkişafında aqrar sahənin rolunun böyük olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu ilin 9 ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 438 milyon manat təşkil edib. Müasir dövrün aqrar sahənin qarşısında yeni reallıqlar və yeni tələblər qoyduğunu deyən Tahir Rzayev qeyd edib ki, kənd təsərrüfatı işçilərinin üzərinə böyük məsuliyyət və vəzifələr düşür.
Tədbirdə çıxış edən “Agro Food Investments” MMC-nin direktoru Vahid Novruzov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, arıçı fermer Anar Məmmədov verdiyi dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib, aqrar sahədə görülən işlərdən danışıb, kənd təsərrüfatına dövlət dəstəyinin bu sahəyə marağı daha da artırdığını vurğulayıblar.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı xidmətdə fərqləndiyinə görə Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla təltif olunublar. Həmçinin, COP29 çərçivəsində ekoloji məsələlərə, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də yaşıl enerjinin kənd təsərrüfatına təsiri mövzusuna diqqət çəkmək və tullantıların təkrar emalını təşviq etmək məqsədilə elan edilən “Kənd təsərrüfatı təbiətlə harmoniyada” müsabiqəsinin qalibləri mükafatlandırılıb.