Dəmir yumruq » Manşet » Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Vidadi Xəlilovun dördüncü ildönümü qeyd olunub
Manşet / Tədbir / 31-10-2024, 14:09

Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Vidadi Xəlilovun dördüncü ildönümü qeyd olunub

   

 

  

31 oktyabr 2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Vidadi Xəlilovun dördüncü ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.
 
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı aparatının müavinləri, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
 
Mərasimində şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür  yolundan danışılıb. Dövlətimiz tərəfindən şəhid polkovnik-leytenanta verilən təltiflərdən, ailəsinə göstərilən diqqət və qayğıdan söz açılıb.
 
Qeyd edilib ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
 
Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri İkinci Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib.
 
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.
 
Şəhid Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
 
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.