Bakıda bu gün səhər saatlarından başlayan yağıntının normadan artıq olması müşahidə olunur.
Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, bu hal şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıqdır və dünyanın heç bir şəhəri bundan sığortalanmayıb: “Belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Misal üçün İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər”.
Qeyd edilib ki, bu gün Bakı şəhər İcra Hakimiyyətində bununla bağlı müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib. Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə subasmalarla bağlı məlumatlar veriləcək.