İki gün öncə AMEA məlumat yayaraq, qurumun prezidenti İsa Həbibbəyliyə yeni müşavirlərin təyin olduğunu açıqlayıb. Xəbərə görə, akademiklər Telman Əliyev, Adil Qəribov, Yaqub Mahmudov və Möhsün Nağısoylu sözügedən vəzifəyə gətiriliblər.
Xəbərdən iki gün sonra AMEA bu dəfə öz yaydığı məlumatı özü təkzib edib.
Yeni məlumatda qeyd olunub ki, Telman Əliyev 2020-ci ildən, Yaqub Mahmudov və Möhsün Nağısoylu 2021-ci ildən, Adil Qəribov isə iki il əvvəldən AMEA-nın müşaviri vəzifəsində çalışırlar. Həmin alimlər səhv olaraq sosial şəbəkələrdə AMEA-nın deyil, AMEA prezidentinin müşaviri kimi təqdim olunublar.
Məlumata görə, İsa Həbibəylinin təsdiq edilmiş ştat cədvəli üzrə sadəcə, bir müşaviri var.
Qeyd edək ki, AMEA prezidentinə müşavirlər təyin olunması ilə bağlı xəbəri qurumun COP29-a həsr olunmuş iclasında İsa Həbibəylinin özü açıqlamışdı. Hər halda AMEA-nın mətbuata göndərdiyi press-relizdə bu cür qeyd olunmuşdu.