Xəbər lenti
Dəmir yumruq » Manşet » "Artıq ölkəmizin tarixində yeni dövr başlayıb”
Manşet / Hadisə / 2-10-2024, 12:52

"Artıq ölkəmizin tarixində yeni dövr başlayıb”

 

Azərbaycanın yerləşdiyi geosiyasi mövqe tarix boyu böyük güclərin marağını cəlb edib və onlar bu coğrafiyanı daim nəzarətləri altında saxlamağa çalışıblar. Ötən əsrlərdə böyük dövlətlərin hədəfinə çevrilən Azərbaycan daim torpaq itkisinə məruz qalıb və suverenliyi pozulub. Bu proses XX əsrin sonunadək davam edib və Azərbaycan müxtəlif təzyiqlərlə üzləşərək Qarabağı itirmək məcburiyyətində qalıb. Yaxın Şərqin müxtəlif regionlarından Azərbaycanın Qarabağ bölgəsinə köçürülmüş ermənilər siyasi məqsədlər üçün çox yaxşı “alət” rolunu oynayıblar. Təbii sərvətlərlə zəngin olan Azərbaycanı ələ keçirmək, onu müstəqillikdən məhrum edib xalqını köləyə çevirmək istəyənlər təəssüf ki, zaman-zaman istəklərinə bəzi hallarda nail olurdular. Bu proses XXI əsrədək davam etdi.
 
Artıq ölkəmizin tarixində yeni dövr başlayıb. Tarixdə ilk dəfə məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam bərpa olunub. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 30 il işğal altında qalan Qarabağı azad etdi. Bu gün illərlə doğma evinə, el-obasına həsrət qalan insanların üzərindən qaçqınlıq statusu götürüldü, onlar öz yurdlarına qayıdırlar və Böyük Qayıdış prosesi davam edir. Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında söylədiyi nitqində bu məsələ barədə bildirib: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”. Prezidentin bu sözlərindən belə nəticə çıxarmaq olar ki, XXVIII əsrdən XX əsrədək, yəni, 300 yüz ildən bəri itirilən - işğal olunan və ya bəzi hallarda hakimiyyətdə qalmaq naminə ermənilərə verilən torpaqların bu gün geri qaytarılması siyasəti həyata keçirilir və ilk addımda Qarabağ azad olunaraq bərpa edilir.
 
Qarabağı dünyada böyük dəstəyi və lobbi təşkilatları olan Ermənistanın əsarətindən azad etmək heç də asan başa gəlmədi. Dövlətimizin başçısı İlham Əliyev Prezident seçildiyi ilk gündən Azərbaycanın iqtisadi dirçəlişi üçün olduqca əhəmiyyətli layihələr həyata keçirib. Ölkəmizin təbii sərvətlərindən gələn gəlir artıq böyük dövlətlərin siyasi məqsədlərinə deyil, milli maraqların reallaşması naminə sərf olunub. Prezident İlham Əliyevin strategiyasının əsasinda neft kapitalını insan kapitalına çevirmək dayanırdı. Ötən il ölkədə 123,0 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib və ÜDM-in 63,1 faizi qeyri-neft sektorunun payına düşüb. Həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq 2023-cü ildə əvvəlki ilə nisbətən qeyri neft-qaz sektorunda ÜDM 3,7 faiz artaraq 77,7 milyard manat olub. Göstərilənlər, sadəcə, rəqəmlər deyil, bu, görülmüş və hazırda da davam etdirilən işlərin real nəticələridir.
 
Azərbaycanın öz qüdrətini artırması xalqımızın daha firavan həyat sürməsində də müsbət təsir göstərir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ölkəmizin dayanıqlı iqtisadi inkişafını aydın şəkildə göstərir. Bu, həm də verilən vədlərin iqtisadi baxımdan da reallaşdırılmasını stimullaşdırır. Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” fikri bu gün özünün əyani təsdiqini tapmaqdadır.
 
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə nailiyyətlər əldə edir, ölkə qarşısında duran ən böyük problem həllini tapıb. Hazırda xalqımız qarşısında daha bir taleyüklü məsələ qalmaqdadır ki, bu da Qərbi Azərbaycana qayıdışla bağlıdır. Son illər ölkəmizin həyatında baş verən hadisələr bu məsələnin də həllini tapacağını deməyə əsas verir, xalqımız da buna əmindir. Prezident İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılışında çıxışında söylədiyi kimi: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Bəli, inanırıq ki, o gün uzada deyil və gün gələcək Qərbi azərbaycanlılar sülh yolu ilə doğma yurdlarına qayıdacaqlar. Çünki bu gün yürüdülən balanslı və hərtərəfli siyasət onu diktə edir ki, Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə indiyədək olduğu kimi, bundan sonra da bütün hədəflərinə nail olacaq. Bu gün dünyada ikinci elə bir dövlət tapmaq çətindir ki, 10 il ərzində dövlət büdcəsi 15 dəfədən çox, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artsın. Azərbaycanın qazandığı bu uğurların arxasında dövlətimizin başçısının praqmatik siyasəti, müdrik və uzaqgörən qərarları, ən əsası, nəyi necə və nə vaxt etməyi bilməsi dayanır. Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yaradan, onu qlobal aktora çevirən müdrik şəxsiyyətdir. Görkəmli alman filosofu Fridrix Nitşe yazırdı ki, “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır”. Bu danılmaz həqiqət çağdaş qloballaşma dövrünün yeni siyasi reallıqları fonunda da aktuallığını itirməyib.
 
Bu gün Qərbi Azərbaycana qayıdışdan danışarkən Azərbaycan Prezidentinin Aşıq Ələsgərin abidəsinin açılışında diqqət çəkdiyi daha bir məqam yada düşür – Vətən sevgisi. Bu gün azərbaycanlılarda Vətənə məhəbbət hissi ən yüksək səviyyədədir. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı əyani şəkildə gördük. Qarabağı görməyən gənc nəslin nümayəndələri 44 günlük müharibə zamanı könüllü şəkildə döyüşlərə getdilər, qəhrəmanlıq, şücaət göstərdilər və torpaqlarımızı azad etdilər. Təbii ki, Vətənə məhəbbət bir xalqın genofondu qədər, onun formalaşdığı mühitlə də sıx bağlıdır. Bu gün Azərbaycan gəncliyinin vətənpərvərliyi təbii ki, ailədən və təhsildə ilk addımlarını atdığı məktəbdən başlayır. Dövlətimizin başçısı da gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır”.
 
Bu gün cəmiyyətimizdə hökm sürən Vətən sevgisi Qərbi azərbaycanlıların da doğma yurdlarını unutmadıqlarını və unudulmayacaqlarını göstərir. Bu, eyni zamanda, deportasiyaya məruz qalmış soydaşlarımızın öz yurdlarına qayıdacağına əminlik yaradır. Prezident İlham Əliyevin dediyi kimi: “İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.