Bu gündən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.
2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub.
Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.
***
Rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib.
Ş.Bayramov tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar.
O qeyd edib ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.