Azərbaycan əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqeyə yüksəlib.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.
Son illərdə xüsusi dövlət mühafizəsi sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə və əldə olunan nailiyyətlərə bir daha nəzər salaq.
Ulu Öndərin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. 2020-ci il martın 16-da imzalanan “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, məhz Xüsusi mühafizə sisteminin şəxsi heyəti ölkəmizin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının və digər mümkün təxribatların qarşısının alınması kimi çox mühüm sahələrdə peşəkar fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edir. Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şəxsi heyətdən 13 nəfər şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfər isə ağır yaralanıb. Milli Qvardiyanın alay komandiri Əfqan Hüseynov göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına (ölümündən sonra) layiq görülüb, onun büstünün açılışı mərasimində Ulu Öndər Heydər Əliyev şəxsən iştirak edib.
Hazırda dünyada, eləcə də ölkəmizdə informasiya təhlükəsizliyi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istifadəsini, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirir.
Buraya, həmçinin dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqinin həyata keçirilməsi və digər vəzifələr daxildir. Dövlət xidmətinin əsas fəaliyyət istiqamətlərini informasiya təhlükəsizliyi, kibertəhdidlərin təhlili, eləcə də tədqiq edilən kiberinsidentlər, kibertəhlükələr barədə dövlət qurumlarını, cəmiyyəti və vətəndaşları məlumatlandırmaq, kiberhücumlar barədə xəbərdarlıqları çatdırmaq, maarifəndirmə işləri təşkil edir. Qurum, eyni zamanda, bu sahədə elmi-texniki innovasiyaların tətbiqini həyata keçirir.
Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsi özündə dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərini cəmləyir. “AzStateNet” istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycanın dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir. Bu ilin ilk yarısında “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.
Dövlət Xidməti ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm işlər görür. Kiberdiplomatiyanın yaranması beynəlxalq münasibətləri yenidən formalaşdırmaqla yanaşı, həm də yeni misilsiz imkanlar, təxirəsalınmaz tədbirlər görülməsinə dair çağırışlar təqdim edir. Kiberdiplomatiya kiberməkanın mürəkkəb və davamlı inkişaf edən kəşf edilməmiş hissəsində məqsədlərə nail olmaq üçün diplomatik vasitələrdən və təşəbbüslərdən istifadəni nəzərdə tutur. Yeni nəsil texnologiyaların tətbiqi və onların özü ilə gətirdiyi təhlükələrin artan tendensiyalarının timsalında aydın olur ki, kiberdiplomatiya təkcə bir seçim deyil, həm də beynəlxalq sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün zəruri alətdir. Azərbaycanın bu sahədə öncül mövqeyi nəzərə alınaraq kiberdiplomatiya üzrə beynəlxalq konfransın regionda ilk dəfə olaraq 2024-cü il sentyabrın 25-də ölkəmizdə keçirilməsi qərara alınıb.
2023-cü il avqustun 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” ölkəmiz üçün böyük önəmə malikdir və uğurla icra olunur. Bu strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə şərait yaradılmasına xidmət edir.
Strategiyanın tədbirlər planına əsasən, yaxın perspektivdə bir çox hədəflərə nail olunması nəzərdə tutulur. Bu sırada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması və aparılmasının təşkili, informasiya təhlükəsizliyi hadisələrinin aşkarlama meyarlarının müəyyən edilməsinin və tətbiqinin təmin olunması, süni intellektin tətbiq sahələrinin genişləndirilməsi, fərdi məlumatların mühafizəsinin gücləndirilməsi, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin gücləndirilməsi hədəfləri yer alır.
Ölkəmizdə bu istiqamətdə görülən işlərin nəticəsi olaraq Estoniya Elektron İdarəçilik Akademiyası Fondunun “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) 42 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan xeyli irəliləyərək 13-cü pillədə qərarlaşıb.
Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında 9 prioritet istiqamət üzrə 2023-2027-ci illər ərzində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. Buraya ETX Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzinin yaradılması, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilə digər CERT-lər arasında vahid məlumatlandırma mexanizmlərinin qurulması, kibertəhlükəsizlik üzrə maarifləndirmə işləri, təhdidlərin qarşısının alınması və digər tədbirlər daxildir.
Strategiyada işğaldan azad olunmuş ərazilərdə müasir informasiya texnologiyalarına əsaslanan infrastrukturun yaradılması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşması regional sabitliyin və inkişafın əsas şərtləri kimi qeyd olunaraq bu sahə üzrə “big data”, “cloud”, “machine learning” texnologiyaları əsasında yaradılmış müvafiq həllərin tətbiqinin vacibliyi də vurğulanıb.
Eyni zamanda, bu sahədə kadr potensialının inkişafı və elmi araşdırmalar üçün prioritet mövzuların seçilməsi, milli kriptoloji fəaliyyətin inkişafı üçün siyasətin formalaşdırılması, yerli həllərə və startaplara dəstək, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə idarəetmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində də davamlı addımlar atılır.
Beləliklə, əməli fəaliyyətin strategiya ilə möhkəmləndirilməsi qlobal kibertəhlükəsizlik reytinqlərində ölkəmizin mövqeyini getdikcə gücləndirir.
Qeyd edək ki, hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) zamanı informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır. Buraya COP29 məlumat bazasının DATA Mərkəzində yerləşdirilməsi, hərtərəfli təhlükəsizlik yoxlamalarının aparılması, mühüm telekommunikasiya problemlərinin həlli və tədbirin keçirildi məkanların “AzStateNet” internet şəbəkəsi ilə əhatə edilməsi daxildir.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ya qısaca SOMDA - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi şəxslərin, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. SOMDA əsas ixrac neft və qaz boru kəmərlərinin Azərbaycan ərazisindən keçən hissəsinin təhlükəsizliyini uğurla təşkil və təmin edir. Hazırda Agentlik tərəfindən mühafizəsi həyata keçirilən ixrac boru kəmərləri ilə Azərbaycan nefti və qazı dünya bazarlarına təhlükəsiz nəql olunur. Boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planının icrası ciddi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 22-də Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının bir sıra orden və medalla təltif edilməsi haqqında Sərəncam imzaladı. Bu, dövlət başçısının xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşlarını daim diqqət mərkəzində saxladığının bariz nümunəsidir.
Göründüyü kimi, Azərbaycan bir çox əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqeyə yüksəlib. Xüsusi mühafizə sahəsinin çoxminli kollektivi onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına önəmli töhfələr verirlər. Onları peşə bayramları münasibətilə təbrik edir, uğurlu xidmət arzulayırıq.