Sentyabr 7-8-də Şamaxıda ənənəvi Üzüm və Şərab Festivalı keçiriləcək.
Demiryumruq. Az xəbər verir ki, Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.
Festivala iTicket.az saytından qeydiyyatdan keçərək qoşulmaq olar. Ziyarətçilərin festival məkanına çatdırılması və geri dönməsi üçün Heydər Əliyev Mərkəzinin qarşından nəqliyyat da təşkil olunacaq.
Artıq üçüncü dəfədir keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq.
Ətraflı
Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.
Üzüm və Şərab Festivalı həm də şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.
Azərbaycanda ənənəvi təşkil olunan Üzüm və Şərab Festivalı yerli sakinlər və turistlərin böyük marağına səbəb olur. Festivalın məkanı kimi Şamaxının seçilməsi də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət proqramları icra edilir. Üzüm və Şərab Festivalı kimi tədbirlər isə dövlətin bu istiqamətdəki siyasətinə önəmli dəstəklərdəndir.