06 iyun 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Eldarov Rasim Səfər oğlu Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin vida mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və əlilləri iştirak ediblər.
Şəhid Eldarov Rasim Səfər oğlunun nəşi Göyçayda izdihamla qarşılanaraq, ailəsinin yaşadığı Ulaşlı Şıxlı kəndinə gətirilib. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Göyçay şəhər Şəhidlər Xiyabanında yaylım atəşi və hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında şəhid torpağa tapşırılıb, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, məzarı üzərinə əklil və gül dəstələri düzülüb.
Sonra şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilib.
Qeyd edək ki, şəhid Eldarov Rasim Səfər oğlu 17.07.1968-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçivanski adına hərbi məktəbə və 1985-ci ildə Kiyev Ali Hərbi məktəbə daxil olub. 1993-cü ilin əvvəllərində könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qatılıb. 1993-cü ilin sentyabr ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüş və nəşi Füzuli rayonu Balabəhmənli kənd qəbirstanlığında aşkar edilib.