İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Açılış mərasimində çıxış edən prezident İlham Əliyev son 30 illik dövrdə görülən nəhəng işlər, əldə olunan nailiyyətlərdən, eyni zamanda dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı rolun əhəmiyyətindən geniş şəkildə bəhs etdi və bu istiqamətdə gələcək hədəflər barədə dünyaya mühüm mesajlar verdi.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Qlobal platforma enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi dialoq məkanıdır. Bu baxımdan regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsinin keçirilməsini vacib hadisə kimi səciyyələndirmək olar. Belə ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
Bakı Enerji Həftəsi əhəmiyyətli bir sıra əlamətdar hadisələrə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin Müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Müasir, müstəqil Azərbaycanın banisi, Azərbaycanın yeni enerji strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan “Əsrin Müqaviləsi” Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın yeni enerji strategiyasının əsası qoyulub.
Otuz il bundan əvvəl 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan “Bakı Enerji Həftəsi” təkcə Azərbaycanın enerji gündəliyinin deyil, eyni zamanda geosiyasi gücünün müzakirə edildiyi ciddi bir beynəlxalq platformaya çevrilibdir. Bu baxımdan ötən gün Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində cənab prezidentin ünvanına daxil olan təbrik məktubları, tədbirdə dünyanın aparıcı ölkələrinin və şirkətlərinin yüksək səviyyəli təmsilçilərinin iştirakı və ölkəmiz haqqında deyilən sözlər yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiq edir.
Cənab prezident çıxışı əsnasında ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edərkən 30 illik dövrdə baş vermiş hadisələri geniş şəkildə şərh edərək bir sıra mühüm məqamları bir daha xatırlatdı: Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi.
Azərbaycanın bütün sferalarda dönüş nöqtəsi 1993-cü ildə baş verdi. Eyni zamanda enerji sahəsində də ciddi uğurların əsası qoyuldu.
Prezident İlham Əliyev həmin illərlə bağlı bir sıra vacib məqamları qeyd etdi: Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri ən vacib amillərdən idi. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.
“Bizim sözümüz imzamız qədər dəyərlidir”- deyən prezident İlham Əliyev iqlim dəyişikliyi ilə mübarizənin və bu məqsədlə yaşıl enerjiyə keçidin ölkəmizin əsas hədəflərindən və prioritet hədəflərindən biri olduğunu qeyd etdi və dünyaya bir çox vacib barış və anlaşma mesajı verdi: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır”.
COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik- deyə Prezident əlavə etdi.
Bütün bunlar bir daha Azərbaycanın qlobal rolundan və müəyyən etdiyi gündəliyin geniş əhatə dairəsindən xəbər verir.
Artıq, dünya siyasətinə təsir etmək gücündə olan yeni Azərbaycan reallığını qəbul etməyin və bununla hesablaşmağın vaxtıdır!