Xəbər lenti
Dəmir yumruq » Manşet » Qeyri-sabit hava neçə gün davam edəcək?
Manşet / Hadisə / 20-05-2024, 22:02

Qeyri-sabit hava neçə gün davam edəcək?

 

Bu ilin may ayında ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ötən illərin may ayı ilə müqayisədə daha çox müşahidə olunub, ildırım-dolu prosesinin miqyası və intensivliyi artıb. Belə ki, 2022-ci ilin may ayında 17, ötən ilin may ayında 39 dolu hadisəsi müşahidə olunduğu halda, bu ilin may ayının bugününədək 54 dolu hadisəsi qeydə alınıb”. 
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
 
O qeyd edib ki, bunun əsas səbəbi ölkəmizə soyuq hava kütlələrinin daxil olması və mürəkkəb sinoptik şəraitlə əlaqədar formalaşan kütlədaxili prosseslərdir. 
 
N. Mahmudovun sözlərinə görə, bu ilin 1-20 may tarixlərində ölkənin əksər bölgələrində hava 18 gün yağıntılı olub: “Düşən yağıntının miqdarı Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normadan çox olub. Leysan xarakterli intensiv yağışlar nəticəsində çaylarda sululuq kəskin artıb, 8 sel hadisəsi qeydə alınıb.  Küləkli günlərin sayı 13 olub. Havanın temperaturu ötən illərlə müqayisədə daha aşağı qeydə alınıb”.
 
Xidmət rəisi qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcəyini, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalının olduğunu bildirib: “Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.