Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib.
Müraciətdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşlarının gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib.
“Hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişin daşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır”, - məlumatda bildirilib.
İdarə bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, qaydalara sözsüz əməl etməyə çağırıb.