Bu gün Azərbaycanda Novruz bayramıdır. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.
Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Novruz bayramı bu il xalqımız üçün xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur. Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.
İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.
Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri - tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçəl tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.
Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burada qalsın”, “Dərdim, bəlam odda yansın”.
Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçəl mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii olaraq təbiətdən hazır şəkildə götürürdü. Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər. Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.
Ritual-mifoloji sistemin aparıcı obrazlarından biri Xızırdır (Xıdır İlyas, Xızır Nəbi). Xızır dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu alıb. Bu, türkdilli xalqların, o cümlədən azərbaycanlıların təfəkkürünün məhsuludur. Azərbaycan xalqı müxtəlif funksiyaların daşıyıcısı olan mifik obrazı daha çox xeyirxahlığı ilə fərqləndirib, yardımı əsirgəməyən övliya kimi yaddaşlarda saxlayıb. Lakin son nəticədə ulu ərənlərimiz nəvə-nəticələrinə üz tutub, hər kəsin ancaq özünə güvənməsini tövsiyə ediblər: “Nə dərin suya gir, nə də Xızırı çağır”.
Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.
Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.
Bayramınız mübarək olsun!