Xəbər lenti
Dəmir yumruq » Manşet » "Xıdır Nəbi" bayramınız mübarək
Manşet / Tədbir / 9-02-2024, 19:09

"Xıdır Nəbi" bayramınız mübarək

 
 Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur], Xızır peyğəmbərlə eyniləşdirilir.
Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.
Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır.
Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır. Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunardı. Torpağın üstündə od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-çöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç düzsüz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:
Xıdır Nəbi, Xıdır Ilyas
Bitdi çiçək, oldu yaz!
Bayramın üçüncü günü cütcü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı güman edilərdi. Onun torpağı isidən, odla yanaşı günəş və su, adamlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, "Xıdır Nəbi"yə nəğmələr, şerlər qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.