Prezident İlham Əliyev ötən gün yerli telekanallara müsahibəsində əvvəldən axıra qədər çox ciddi mesajlar verdi. Bu mesajların ünvanı Ermənistandan tutmuş, Avropanın mərkəzi və okeanın o tayına qədər uzandı. Öncə onu qeyd edim ki, dövlət başçımız bu qədər güclü, qüdrətli dövlətlərlə çəkişmədə gənc bir dövlət olan Azərbaycanın necə üstün olduğunun izah edərkən bir ifadə ilə ətraflı cavablandırmış oldu:
Prezident İlham Əliyev çox aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Bəli, məhz bu amil Azərbaycanı ərazi bütövlüyünü bərpa etmək, 30 illik işğala son qoymaq üçün hərbi güc yoluna əl tamasına imkan verdi.
Mesajların konkret ünvanı:
Dövlət başçımız Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılmasında da ötən günki müsahibə ilə son nöqtəni qoydu: Ermənistan ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər.
Prezident İlham Əliyevin bu açıqlaması qeyd-şərtsiz “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir ki, səbəbi də ölkə başçısı tərəfindən çox aydın şəkildə açıqlandı. Azərbaycan liderinin irəli sürdüyü “Azərbaycandan Azərbaycana prinsipi” Zəngəzur dəhlizi ətrafında qarşıdurma tərəflərinin hamısı üçün yeganə çıxış yolu olaraq qəbul edilməlidir.
Mesajlar arasında növbəti açıqlama Zəngəzur dəhlizində təhlükəsizlik məsələsinin təmini ilə əlaqədar Ermənistan siyasi hakimiyyətinin manipulyasiya cəhdlərinə cavab kimi də şərh edilə bilər.
Son proseslərdən aydın görünür ki, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinə qarşı çıxır və dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsini qəbul etmək fikrində deyil. Lakin rəsmi Bakının bu məsələdəki mövqeyi ondan ibarətdir ki, Ermənistan dövləti 10 noyabr üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə sadiq olmalıdır.
Ermənistanın Zəngəzur dəhlizində Rusiya hərbçilərinin təhlükəsizliyi təmin etməsinə razı olmamaqda əsas 2 səbəbi:
1. Rusiyanın regiondan sıxışdırılıb çıxarılması... Qərb də İrəvanın mövqeyini müdafiə edir. Bu faktın özü təsdiq edir ki, rəsmi irəvan Qərbin sifarişinə uyğun şəkildə davranmaqla fayda qazanacağı qənaətindədir. Amma Ermənistanın bu manipulyativ qərarları regionda daha böyük problemlərə yol açmış olur.
Təbii ki, bu, başlıca olaraq Qərbin istəyidir ki, Azərbaycandan Azərbaycana - Naxçıvana gedən marşruta Rusiya nəzarət etməsin. Bununla da Ermənistan bu marşrut üzrə “dəhliz” açmamaqla dərindən bir nəfəs almış olacaq. Amma sən saydığını say, gör Bakıda nə düşünürlər.
Dövlət başçısının açıqlamalarından o qənaətə gəlmək oldu ki, Azərbaycan Naxçıvana istədiyi “maneəsiz keçidi” əldə edəcək. Çünki Azərbaycan Prezidenti çox yaxşı bilir ki, məhz Zəngəzur dəhlizi ətrafında cərəyan edən geosiyasi proseslər artıq qlobal miqyasda ciddi problemlərə yol aça bilər. Elə buna görə də Azərbaycan Zəngəzur dəhlizi ətrafında geosiyasi qarşıdurmanın bölgəyə problemlər gətirməsinin qarşısını almaqda qərarlıdır. Bu isə o deməkdir ki, növbəti dəfə rəsmi Bakının qətiyyəti və iradəsi əsasında regional kommunikasiyalar da açılacaq ki, bu da regionu gözləyən təhdid və risklərin minimuma endirilməsini şərtləndirə bilər.
2. Zəngəzur dəhlizinin açılmasına mane olmağa hesablanan addımların ən böyük səbəblərindən biri də elə məhz Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlıdır. Çünki Zəngəzur dəhlizi üzərindən geosiyasi mübarizənin baş verməsi həm regional kommunikasiyaların açılmasını, həm də Ermənistanla sülh məsələsini arxa plana atmış ola bilər.
Ermənistan üçün ən əlverişli təklifi bu gün ona havadarlıq edən, qanadları altında saxladığı görüntüsü yaradan Fransa yox, yenə də Azərbaycan etdi. Bakı İrəvana növbəti dəfə çıxış yolu təklif etdi. Qalır bu təklifi Ermənistanın qısa bir zamanda düzgün dəyərləndirməsi. İrəvanın Azərbaycan Prezidentinin region üçün olduqca münasib təklifini qəbul etməyəcəyi təqdirdə daha ağır problemlərlə üzləşməsi qaçılmaz ola bilər. Rəsmi İrəvan Bakının Ermənistan üçün dalandan xilas təklifini qəbul edib, kənar müdaxilələrin təsirindən yayınmaq üçün əla imkan əldə etmiş ola bilər.
Kənar müdaxilələrdən söhbət düşmüşkən...
Prezident İlham Əliyevin müsahibəsində bir maraqlı detal xüsusi ilə diqqət çəkdi:
"Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur".
Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.
Bəli, deməli, Azərbaycan artıq Qərb və Rusiya arasında təkcə elə Cənubi Qafqaz ətrafındakı çəkişmələrin, soyuq "müharibənin" yaratdığı boşluqlara nüfuz etməyi bacarmaqdadır. Azərbaycan artıq başı özlərinə qarışan iki qütb arasındakı mübarizənin günbəgün daha da kəskinləşdiyi məqamdan düzgün istifadə edərək Ermənistanla arasındakı münaqişəni nəinki çözməyi bacardı, artıq Azərbaycan proseslərin əsas aktoru olaraq İrəvana təzyiq göstərərək iki müstəqil dövlət kimi kənar müdaxilələr olmadan sülh müqaviləsini də birgə masa arxasında ikitərəfli formatda imzalamaq üçün ciddi zəmin hazırlayıb.
Göründüyü qədərilə hazırkı məqamda rəsmi Bakının indi əsas hədəfi Azərbaycan-Ermənistan münasibətlərinin sülh sənədi ilə yekunlaşmasına çox yaxın olduğu bir vaxtda təkbətək müzakirələrin arxa səhnəsində hələ də mövcud olmağa çalışan Fransa başda olmaqla, digər oyunçuların mövcudluğunu sıfırlamaqdır. Bununla da Azərbaycan Fransanın Cənubi Qafqazdakı məkirli planlarını deaktivləşdirərək, ona "səninki səndə, mənimki məndə..." mesajı vermək niyyətindədir. Necə ki, ötən gün bunu dövlətimizin başçısı açıq şəkildə, müxtəlif prizmalardan bəyan etdi.