Bu gün Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndində II Üzüm və Şərab Festivalı işə başlayıb.
Demiryumruq.az xəbər verir ki, sabah başa çatacaq tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları müxtəlif çeşidli şərablar nümayiş etdirir, şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunur, qonaqlara "Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi" haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilir.
Festival çərçivəsində yerli şərab istehsalı müəssisələrinin, Üzümçülük İnstitutu, "Azərbaycan Üzümçülük və Şərabçılıq Assosiasiyası" İctimai Birliyi, eləcə də turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Azərbaycanda şərab turizminin perspektivləri" mövzusunda dəyirmi masa keçiriəcək. Tədbirdə "Ölkə imicinin formalaşması mexanizmində enoturizm" və "Şərabçılığın bir turizm məhsulu kimi inkişafı texnikası" mövzularında müzakirələr aparılacaq.
Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil olunacaq, uzun illərdən sonra ilk dəfə Qarabağda - Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan "Xındoqnı" üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutacaq.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala bilirlər. Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq 1 000-dən çox insanın iştirakı nəzərdə tutulur.