12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası müstəqil dövlət quruculuğu prosesini nizama salan, demokratik inkişafı təmin edən hüquqi sənəddir.
Bəllidir ki, Azərbaycan Respublikasının bir dövlət kimi bu günkü gücü və qüdrəti çətin və şərəfli yollardan keçmişdir. Bütün basqılara və çətinliklərə rəğmən xalqımız öz dövlətini qurmaq, müstəqilliyini qorumaq niyyətindən heç bir zaman əsla vaz keçməmişdir. Ötən əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası elan olunarkən dövlətin qurucuları həm də xalqın siyasi-ideoloji fikirlərini ehtiva edərək, o dövr üçün mütərəqqi sayılan hüquqi prinsiplər üzərində idarəçilik forması ortaya qoymaqla yanaşı, eləcə də tarixi siyasi gedişat boyunca azadlıq sevgisi ilə yaşayaraq müstəqillik arzusunu daima qəlbində saxlamışdır.
Azərbaycanın ilk konstitusiyası 1921-ci ilin mayın 19-da qəbul olundu və daha sonra 1925, 1927 və 1937-ci illərdə konstitusiyaya əlavə və dəyişikliklər edildi. Konstitusiya ilə bağlı növbəti mərhələ 1977-ci ildə SSR-nin yeni konstitusiyası qəbul edildikdən sonraya təsadüf edir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin yeni konstitusiyasında ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddədə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması qəbul edildi.
Bu özünüdərkin, milli oyanışın başlanğıcı idi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin rəsmiləşməsi kimi tarixi hadisə şübhəsiz ki, birbaşa ulu öndər Heydər Əliyevin vətən qarşısında ən böyük tarixi xidmətlərindən idi. Sonrakı illərdə konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər edilsə də, bu qanun 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.
Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış ali hüquqi sənəd müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumibəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik, hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiyaya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, konstitusiyamızın 3/1 hissəsi məhz bu məsələlərə həsr olunmuşdur.
Məlumdur ki, müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur. Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumibəşəri dəyərlərinin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq milli mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkürünü birləşdirən dəyərlər sistemidir.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formlaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Sürətli quruculuq prosesi ilə yanaşı, heç şübhəsiz ki, ən böyük mütərəqqi hadisə olan bu sənədin hazırlanması eyni zamanda müstəqillik tariximizin olduqca şərəfli hadisələrindən biri və eləcə də, bir dövlət kimi inkişafımızın təməlini qoyan bir proses oldu. Beləliklə, konstitusiyamız varlığımızın, bütövlüyümüzün yol xəritəsinə çevrildi.
Son olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mütərəqqi islahatların davamı kimi 2016-cı ilin sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyada üçüncü dəfə əlavə və dəyişikliklər edildi. Bu, ölkəmizdə demokratik, dünyəvi dövlət quruculuğu prosesində hüquqi bazanın daha da təkmilləşdirilməsinə təkan verməklə yanaşı, müasir standartlara cavab verən mükəmməl dəyişikliklər kimi müstəqillik tariximizə yazıldı.
Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.