Xəbər lenti
Dəmir yumruq » Manşet » BQXK-nın regional kəraməti: Qaçaqmalçılıq - ŞƏRH
Manşet / Sosial / 11-07-2023, 09:23

BQXK-nın regional kəraməti: Qaçaqmalçılıq - ŞƏRH

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) “Laçın” sərhəd-buraxılış məntəqəsindən istifadəni humanitar məqsədlərə deyil, regionda qaçaqmalçılıq, hüquq pozuntusunun nümunələrinə söykəyir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən müddət ərzində DSX-nin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Məlumatdan görünür ki, BQXK-nın bu hərəkətləri ilə bağlı dəfələrlə quruma xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb, ona görə də Azərbaycan sərhədçiləri faktı ictimailəşdirmək məcburiyyətində qalıblar.

BQXK, onsuz da, zamanla Ermənistan maraqlarının kölgəsi kimi fəaliyyətlərə imza atıb, lakin addımlarını humanitar epitetlərlə pərdələyərək, əsl mahiyyətini gizlətməyə çalışıb.

Bu fəaliyyət Azərbaycan tərəfinə bəlli olub, lakin müəyyən diplomatik-siyasi etiket qaydalarına görə BQXK-nın bütün əməlləri ictimailəşən fazaya daxil edilməyib.

İndi isə məsələ fərqlidir, artıq bıçaq sümüyə dirənib, görün BQXK-nın Ermənistan vətəndaşları üçün marşrut avtobusuna dönməsinin nəticələri hansı həddə çatıb ki, Azərbaycan sərhədçiləri təşkilatın avtomobilini yoxlayıblar. Yoxlama zamanı DSX-nin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərini aşkarlayıblar.

Bu, o anlama gəlir ki, BQXK öz fəaliyyətindən və səlahiyyətlərindən sui-istifadə edir.

BQXK-nın işi etik və institusional çərçivələri təmin edir: silahlı münaqişələr, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı ehtiyacı olan insanlara kömək etmək yanaşmasının əsasında durmalıdır.

BQXK-nın fəaliyyəti yeddi prinsipə söykənir: insanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik, universallıq.

Bu yeddi fundamental prinsip qanunazid əməllərin tüğyan etməsinə deyil, əksinə, qanunsuzluğun təzahürlərinə qarşı mübarizədə yardımçı olmalıdır.

Amma BQXK qaçaqmalçılıq fəaliyyətini Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçidə nisbətdə nümayiş etdirmiş oldu, bununla da məqsədinin regional əzabların qarşısını almağa və onu yüngülləşdirməyə xidmət etmədiyini göstərdi.

BQXK-nın Qarabağdakı məramı tərəf tutmaq, ideoloji-siyasi xarakterli mübahisələrə, hüquqsuzluq fazasına qoşulmaq deməkdir.

Aqşin Kərimov


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.