Cari ildə neft hasilatının böyük hissəsi “Azəri-Çıraq-Günəşli”nin payına düşüb
Cari ilin yanvar-noyabr ayları ərzində ölkədə 29,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft hasilatının 18,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.
Hesabat dövründə 24 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,7 milyon tona yaxını konsorsiumun, 1,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il dekabrın 1-dək 605 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 565,2 milyon ton neft, “Şahdəniz”dən isə 39,8 milyon ton kondensat çıxarılıb. Bundan 603 milyon tonu ixraca nəql olunub.
Ölkədə neftin emalı 2022-ci ilin 11 ayı ərzində 5,7 milyon ton təşkil edib.