DVX-nin xidmətlərindən yarısı tam elektronlaşdırılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ümumilikdə 160 xidmət göstərilir ki, onlardan da 78-i tam, 43-ü isə qismən elektronlaşdırılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hazırda müasir standartlara cavab verən, vergiödəyicisi üçün daha sadə, əlçatan yeni elektron kabinetin (internet portalının) yaradılması prosesi həyata keçirilir və məhdud sayda xidmətlər artıq həmin portal vasitəsilə təqdim olunur.
Elektron xidmətlərin sayının genişləndirilməsi və daha da müasirləşdirilməsi istiqamətində müntəzəm olaraq zəruri işlər həyata keçirilir. Vergiödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsi, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat və çevik yararlanması, eyni zamanda, ödəyicilərin elektron kabinetlərinə göndərilən məktublar haqqında daha tez və vaxtında məlumat alması, vergi, sosial sığorta və icbari tibbi sığorta haqları ilə bağlı öhdəliklərini vaxtında icra etmələri məqsədilə elektron kabinetin mobil tətbiqi yaradılır.
Bunlarla yanaşı, “Bəyannamələrin əvvəlcədən doldurulması”, “Elektron vergi konsaltinqi”, “Biznes mühitini və vergi yükünü araşdır”, “Reytinq” (“Vergi əməletməsinin qiymətləndirilməsi”), “Kontr-agentləri araşdır”, “Dərhal, QR kodla təsdiq edilməklə arayışların verilməsi” interaktiv elektron xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparılıb və hazırda proses davam etdirilir.